Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında aktiv iştirak edən “Vaqner” muzdlu hərbi qrupunun yeni üzvlərə ehtiyacı var. İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu qənaəti hərbi təşkilatın son addımları təsdiq edir. Belə ki, müxtəlif sosial media platformalarında paylaşılan elanlarda yeni tibb işçiləri, dron operatorları və psixoloqlar üçün vakansiya elan edilib. Britaniya mərkəzli dezinformasiyaları araşdıran “Logically” araşdırma qrupunun məlumatına görə, son 10 ayda “Vaqner” hərbi qrupuna məxsus vakaniya elanlarının paylaşımları Tvitter və Feysbuk üzərindən 120 mindən çox adama çatıb. Maraqlıdır ki, reklam postları fransız, ispan və vyetnam dillərində paylaşılıb. Vakansiya elanlarında həmçinin əlaqə nömrələri, teleqram hesabları qeyd edilib və ayda təxminən 2800 avro maaş vəd olunub. Həmçinin işçilərin tibbi yardımla təmin olunacağı da qeyd edilib. 

"Meta" şirkətindən verilən açıqlamada bu tipli paylaşımlara rast gəlinərsə, dərhal məhdudiyyət qoyulacağı bildirilib.