Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"na əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın valyuta bazarı 9 % kiçilib. Belə ki, müvafiq dövrdə Azərbaycanın valyuta bazarında 23,8 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb. 9 aylıq əməliyyatların 21 milyard ABŞ dolları nağdsız, 2,8 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bu isə 1 il əvvələ nisbətən müvafiq olaraq təxminən 6 % və 29,2 % azdır.

İqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, valyuta bazarının daralmasına bir sıra amillər təsir edir. Onun sözlərinə görə, bütövlükdə işgüzar fəallığın stimullaşdırılmaması valyuta bazarına mənfi təsir göstərir. 

İqtisadçı bildirib ki, mövcud maliyyə resurslarının investisiyalara istiqamətləndirilməsi və real sektora yönəlməsi daha məqsədəuyğundur: "Əgər investisiyaların artması fonunda valyuta bazarı daralarsa, bu vəziyyətə müsbət hal kimi yanaşmaq olar. Deməli, daxili investisiya institutu müsbət istiqamətdə inkişaf edir. Bu isə iqtisadiyyatın prioritet sahələrinə maliyyə axınının təmin edilməsidir. Real sektora investisiya istiqamətlənməsi azalırsa, valyuta bazarı daralırsa və eyni zamanda işgüzar fəallıq zəifləyirsə, bu, heç də arzuolunan hal sayılmır".

Qeyd edək ki, nağdsız valyuta əməliyyatlarının 79 %-i ABŞ dollarında, 21 %-i digər valyutalarda, nağd valyuta əməliyyatlarının isə 83,6 %-i ABŞ dollarında, 16,4 %-i digər valyutalarda baş tutub.

Gülşən Şərif