“Ferrari” “LaFerrari” hiperkarından toplam 500 nüsxə hazırlansa da, onlardan yalnız biri interyer və eksteryer rənglərinin unikal vəhdəti ilə səciyyələnir.

Məhz həmin avtomobil “Sotheby's” hərracının lotları siyahısında peyda olub.

Avtomobil 6,3 litrlik V12 benzin mühərrikindən, elektrik mühərrikindən, iki muftalı robot sürət qutusundan və akkumulyatorlar dəstindən ibarət olan 963 at gücünə malik hibrid güc qurğusu ilə təchiz edilib.

Kupenin kuzovu tünd mavi “Blu Elettrico” rənginə boyanıb. Onu tünd boz maqnezium təkərləri, təzadlı qara tavan və eyni çalardakı əyləc qəlibləri tamamlayır.

Salon yüngül dəri ilə işlənib, karbon lif dekoru ilə bəzədilib. “Ferrari”nin artıq belə avtomobillər istehsal etmədiyi bildirilib.

Yeddi il ərzində sahibi öz super hibridində cəmi 5127 kilometr qət edib. Unikal “LaFerrari” üçün keçirilən hərracda satıcı təxminən 4-5 milyon dollar qazanacağını gözləyir.

Hərrac yanvarın 26-da baş tutacaq.