“Unibank”a məxsus “Leobank” istifadəçilərinin kart hesablarından fərqli məbləğlərdə vəsaitin çıxılması ilə bağlı məlumatlar yayılıb. İddiaya görə, naməlum səbəblərdən kart hesablarından çıxılmış məbləğ müəyyən müddətdən sonra geri qaytarılır. İstifadəçilər buna görə də öz narahatlıqlarını bildiriblər.
“Unibank”dan İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirildi ki, bank kartlarından məbləğ öz-özünə silinə bilməz.
Yalnız hər hansısa bir sayta, oyuna, tətbiqə daxil olunaraq ödəniş edildiyi, abunəlik yaranıldığı təqdirdə kart hesabından pul çıxıla bilir:
“Müştərilərin 99%-i kart məlumatlarını hansısa tətbiqə daxil edirlər və hər bir tətbiqdə ödənişsiz bir müddət olur. Məsələn, 30 gün ərzində sınaq müddəti olur. Həmin sınaq müddəti başa çatdıqdan sonra artıq növbəti ay hesabdan ödəniş silinməyə başlayır. Bəzən müştərinin ya yadından çıxır, ya da kart onun tərəfindən deyil, ailə üzvləri tərəfindən istifadə olunur. Belə olan təqdirdə abunəlik yaradılırsa, o halda məbləğ birbaşa silinir. Ümumilikdə, kart məlumatları heç bir yerə daxil olmursa, abunəlik yaradılmırsa, öz-özünə məbləğ heç bir zaman heç bir kartdan silinə bilməz”.
Məlumatda həmçinin bildirilib ki, ümumiyyətlə, çıxılan məbləğin sonradan kart hesabına geri qaytarılması sorğu nəticəsində ola bilər: “Sorğular fərqli səbəblərə əsasən yaradıla bilər. Abunə olunmuş mənbədən kart hesabından müəyyən məbləğin silinməsi həmin mənbədən asılı olaraq baş verə bilər. Müştəri artıq həmin mənbəyə müraciət edərək məlumatı dəqiqləşdirməlidir. Çünki məbləğ bank tərəfindən deyil, abunə olunmuş mənbədən silinir”.
Sadiq Cavadov