Ukraynaya məxsus Kaxovka su elektrik stansiyasının (SES) bəndi partladılıb. Bu barədə İqtisadiyyat.az Ukrayna mediasına istinadən xəbər verir.

Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən SES-in kim tərəfindən vurulduğu və ya partladıldığı dəqiq bəlli deyil. Həmişəki kimi hər iki tərəf bir-birini ittiham edir. Faktla bağlı Ukraynanın "Cənub" operativ komandanlığı Rusiyanın SES-i partlatdığını açıqlayıb, Novaya Kaxovka şəhərinin qondarma meri Vladimir Leontiyev isə görüntülərə rəğmən məlumatı ümumiyyətlə təkzib edib: "Şəhərdə sakitlikdir".

Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin isə bildirib ki, Kaxovka su elektrik stansiyası rus qoşunları tərəfindən partladılandan sonra suyun səviyyəsi 5 saat ərzində kritik həddə çatacaq. O, daşqın təhlükəsi ilə üzləşən Dnepr çayının sağ sahilindən sakinlərin dərhal təxliyyəsini elan edib.

Ukraynanın “Cənub” əməliyyat komandanlığının spikeri Nataliya Qumenyuk isə bildirib ki, Kaxovka SES-in bəndinin partladılması Xersonun sol sahilinə daha çox zərər verəcək: "Onlar nə etdiklərini başa düşüb hərəkətə keçiblər. Özlərini təxliyyə edirlər. Bu terror aktı Xersonun sol sahilini (rusların nəzarət etdiyi bölgə nəzərdə tutulur - red.) daha çox su altında qoyacaq. Çünki coğrafi olaraq sol sahil daha aşağıda yerləşir".

Qeyd edək ki, Kaxovka su elektrik stansiyası Ukraynanın cənubundakı quraq rayonların enerji təchizatı, suvarma və su təchizatı, həmçinin Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə işğal olunub.