Ötən ay Ukraynanın beynəlxalq ehtiyatları 18% artaraq 43,8 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Bankının rəsmi "Telegram" kanalının məlumatında deyilir.

Tənzimləyici kəskin artımı xarici tərəfdaşlardan borc ödənişlərini və xarici valyutanın xalis satışını üstələyən əhəmiyyətli məbləğdə gəlirlə əlaqələndirib. Məbləğin böyük hissəsi Avropa İttifaqı tərəfindən köçürülüb. Vəsaitlər ölkənin modernləşdirilməsini, yenidən qurulmasını və müharibədən sonrakı bərpasını təmin etmək üçün nəzərdə tutulmuş "Ukrayna Mexanizmi" adlı dörd illik xüsusi proqramın bir hissəsi kimi ödənilib.

Daha sonra Yaponiya və Böyük Britaniyanın zəmanəti ilə Dünya Bankından 1,63 milyard dollar, Kanadadan 1,47 milyard dollar, Beynəlxalq Valyuta Fondundan (BVF) 881 milyon dollar, Yaponiyadan 118 milyon dollar və Serbiyadan 32,4 milyon dollar vəsait daxil olub.

 

Gözəl Həşimova