Bir neçə gün əvvəl Ukrayna xüsusi təyinatlı qüvvələrinin həyata keçirdiyi əməliyyat Qərb mediasının gündəminə düşüb.

İqtisadiyyat.az xəbər verir ki, söhbət rusiyalı komandirin ukraynalılar tərəfindən oğurlanması əməliyyatından gedir. BİLD nəşrinin hərbi eksperti Yulian Repke bu əməliyyata ayrıca bir məqalə həsr edib.

Məqalədə qeyd olunur ki, avqustun 8-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində, Dnepr çayının sol sahilində iki mərhələli əməliyyat keçirib. Əməliyyatın məqsədi sərhəd bölgəsinə rəhbərlik edən mayor Tomovu əsir götürmək olub.  

 

Kiçik qayıqlarla Dnepr və Konka çaylarını keçən ukraynalı kəşfiyyatçılar cənub sahilinə doğru istiqamət alıblar. Diqqəti yayındırmaq üçün Ukrayna ordusu eyni vaxtda sözügedən ərazini çoxlu sayda raket zərbələrinə məruz qoyub. Ruslar bu zərbələrdən yayınmağa çalışarkən, ukraynalı xüsusi təyinatlılar ən qısa müddətdə irəliləyərək rusların mövqelərinə basqın ediblər.

Bu, planın ilk mərhələsi olub. Əməliyyatın davamında isə daha maraqlı hadisələr baş verib. Almaniyalı hərbi ekspertin yazdığına görə, rusların mövqeyini ələ keçirən ukraynalılar yaralı rusiyalı əsgərləri təqlid edərək yardıma xüsusi dəstə çağırıblar. Onlar bunu telsiz rabitə vasitələri və öldürülən əsgərlərdən birinin mobil telefonundan istifadə etməklə həyata keçiriblər. Əsgərlərinin köməyinə tələsən mayor Tomov özü ilə daha on hərbçi götürüb. Zirehli transportyorlarla hadisə yerinə çatan komandir pusquya düşdüklərini görüb. Bu zaman baş tutan döyüş bir neçə dəqiqə çəkib. Mayorla gələn əsgərlərin bir qismi öldürülüb, Tomov özü isə bir qrup əsgər və zabitlə birgə əsir götürülüb. 

 

 

"On üçüncü" adı ilə döyüş bölgəsindən xəbərlər yayan rusiyalı hərbi müxbirin yazdığına görə, bu əməliyyatda ümumilikdə 25 rusiyalı hərbçi öldürülüb. Mayor Tomovla gələn kəşfiyyat qrupu isə əsir götürülüb. 

BİLD-in məlumatına görə, sözügedən döyüşdə ukraynalı hərbçilər də itki verib. Amma əməliyyat uğurla başa çatdırılıb. Ukrayna Silahlı Qüvvələri bu ərazidə yeni cəbhə yaratmağa çalışır. Çünki burada yerləşmək Krıma quru yolunu 200 kilometrdən 90 kilometrə qədər azaldacaq.  

Hərbi ekspertlərin fikrincə, mayor Tomovun və digər zabitlərin əsir götürülməsi nəticəsində Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin işğal altında olan hissələrində rusların müdafiə strategiyası haqqında daha çox məlumat əldə edə biləcəklər.