Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel bildirib ki, Qərb Kiyevə hərbi dəstəyi dayandırsa, müharibə 1-2 həftəyə başa çata bilər. Bu halda Ukrayna ikinci Belarusa çevrilə bilər. Avropa İttifaqı isə bunu istəmir. 

Mövzu ilə bağlı siyasi şərhçi Turan Rzayev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Jozep Borelin açıqlaması həqiqəti əks etdirir:

"Müharibənin uzun müddət davam etməsi və Rusiyanın hələ də Ukraynanı ələ keçirə bilməməsi faktorları onu göstərir ki, Avropanın rolu danılmazdır. Rusiya Ukrayna ilə müharibə aparsa da, əslində bütün Avropa ilə müharibədədir. Ukraynaya qarşı bir neçə ölkənin, bütöv bir qitənin dəstəyi var. Rusiya isə müharibəni daxili resursları hesabına aparır. Müharibənin ilk yarım ilində Ukrayna tərəfi Qərbdən yardım ala bilmədiyi üçün Rusiya ilə danışıqlar masasına oturmaq istəyirdi. Hətta bu məsələdə Türkiyənin vasitəçiliyi gündəmdə idi. Azərbaycan da tərəflərin görüşünün Bakıda təşkil olunmasını təklif etmişdi. Lakin   zamanla Avropanın Ukraynaya maliyyə və silah dəstəyi nəticəsində Zelenski öz qərarında dəyişiklik etdi və geri çəkildi. Əgər o vaxtı müharibə bitsəydi, Krım Rusiyanın tərkibində qalacaqdı. Bundan başqa, Donbasa yüksək muxtariyyət veriləcəkdi və Ukraynanın neytrallığı saxlanılacaqdı. İlk vaxtlarda Rusiyanın istədiyi elə bu idi. Lakin sonradan tələbləri artdı. Reallıq budur ki, Ukrayna-Rusiya müharibəsində güc balansı heç də eyni dərəcədə deyil. Ukraynaya dəstək olmasaydı, Rusiya müharibəni çox rahatlıqla uda biləcəkdi. Bu gün Ukraynaya qarşı böyük dəstək var və bu dəstəyə şəraiti Qərb yaradıb". 

Ukraynanın Belarusa çevrilməsi məsələsinə də toxunan politoloqa görə, Ukrayna və Belarus kimi ölkələr Rusiya ilə avrozona arasındakı neytral bölgədir:

"Bu ölkələrin varlığı Qərbin Rusiyaya qarşı təzyiqlərini bloklayırdı. Ukraynada bu tarazlıq pozuldu və Qərb öz maraqlarını təmin edə bildi. Belarusda isə hələlik bunu edə bilməyib. Qərb Ukraynadan öz dəstəyini geri çəksə, müharibə  qısa bir zamanda bitə bilər. Hətta Rusiyanın daha ağır şərtləri ola bilər. Bu zaman Ukrayna ikinci Belarusa çevrilə bilər. Nəzərə almaq lazımdır ki, sülh bağlansa da, Rusiya Zelenski hakimiyyətini qəbul etməyəcək".