"Ukraynanın NATO-ya üzv olması üçün istənilən güzəşt Rusiya üçün mükafat olacaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina deyib.

Stefanişina NATO-nun baş katibinin ofisinin direktoru Stian Yenssenin, “Ukrayna üçün mümkün həll yolu öz ərazisindən imtina etmək və əvəzində NATO-ya üzv olmaqdır”, - bəyanatına reaksiya verib.

Stefanişina deyib: “Ukraynanın NATO üzv olmaq üçün edəcəyi hər hansı güzəşt Avropada müharibəyə başlayan Rusiya üçün mükafat olacaq. Bu, yalnız terror və şantajın davam etməsinə təkan verəcək”.

Ukraynanın tərəfdaşlarının ukraynalıların Avro-Atlantik istəkləri ilə danışıqlar aparmağın qəbuledilməz olduğunu bildiyini vurğulayan Stefanişina qeyd edib:

"Xüsusilə NATO-nun Vilnüs sammitinə dair qətnamələrin hazırlanması zamanı biz həmişə müttəfiqlərimizlə Rusiya ilə danışıqlarda ukraynalıların Avroatlantik məqsədləri istiqamətində sövdələşmənin yolverilməzliyi və təhlükəli olduğu barədə açıq danışmışıq. Böyük əksəriyyət partnyorlarımız Rusiyanın imperiya ambisiyalarını daha da gücləndirmək təhlükəsindən xəbərdardırlar. NATO Baş Katibliyi Ofisinin direktorunun mətbuatda səsləndirdiyi fikirlər heç bir şəkildə alyansın rəsmi mövqeyini əks etdirmir”.

Stefanişina bəyan edib ki, NATO-ya üzvlük məsələsindən Ukraynaya təzyiq göstərmək üçün istifadə etmək Kremlin maraqlarına uyğundur, lakin bu ssenari yalnız nəzəriyyədir.

KİV-in məlumatına görə, Yenssen deyib ki, “Ukrayna üçün mümkün həll yolu öz ərazisindən imtina etmək və bunun müqabilində NATO-ya üzv olmaqdır, lakin Ukrayna danışıqlara nə vaxt və hansı şərtlərlə başlamağa özü qərar verməlidir”.