Cəmiyyətdə bəzi hallarda qida zəhərlənmələri hallarına rast gəlinir. Bəzən zəhərlənmələrin kütləvi baş verməsi isə ciddi narahatlıq doğurur. Sonuncu belə fakt kimi Qazaxda tələbələrin kütləvi zəhərlənməsi hadisəsini deyə bilərik. Bakı Dövlət Universitetinin Qazax filialının bufetində yedikləri dönərdən zəhərləndiyi ehtimal edilən tələbələr xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Mütəxəssislər hesab edir ki, “fast-food” qidalarında zəhərlənmə riski daha yüksək ola bilər. Çünki “ayaqüstü” qidalar tez-tələsik hazırlandığı üçün burada müxtəlif qida normalarına riayət olunmaması qaçılmazdır. Bəs, qida zəhərlənmələrindən, xüsusən də tələbələrin daha çox üstünlük verdikləri tez-tələsik qidalanmaların sağlamlığa mümkün təhlükələrindən necə qorunaq?
Qida mühəndisi Fərid Səfərov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, “fast-food” qidalarından, xüsusən də dönərdən zəhərlənmə halları artıq adiləşib.
Mütəxəssis fikrini belə əsaslandırıb ki, dönər satılan yerlərin əksəriyyətində gigiyenik normaların gözlənilməməsi, ətin haradan və necə alındığının tam aydın olmaması, istifadə olunan digər ərzaqların təmizliyi və keyfiyyətinə heç kimin cavabdehlik daşımaması nəticədə belə xoşagəlməz hallara səbəb olur:
“Adından da göründüyü kimi, "tez-tələsik" yediyimiz üçün də bu cür hallarla tez-tez rastlaşırıq. Aparılan bir elmi araşdırmada bir həftə boyunca siçovullara ancaq "fast-food" qidalar və şirin qazlı içkilər verilir. Bir həftədən sonra həmin siçovullar çox rahat keçə bildikləri kiçik labirintin çıxışını tapa bilmirlər. Məlum olur ki, onların beyinlərində infeksiya yaranıb, beyin hüceyrələrində dəyişiklik baş verib. Sözümün canı odur ki, cəmi bir həftə ərzində “fast food” qida qəbulu bu cür nəticələnirsə, onda daimi bu cür qidalanmağın nəticəsini düşünmək lazımdır”.
F.Səfərov qida zəhərlənmələrinin qarşısını alma yollarından da danışıb: “Mütləq ciddi şəkildə nəzarət olunmalıdır, bu cür halların qarşısını almaq üçün müəyyən tələblər qoyulmalı və normalar tətbiq olunmalıdır. Eyni zamanda insanlar da qida ilə bağlı düzgün seçim etməlidirlər. Çünki sağlamlığımız seçimlərimizdən asılıdır. Odur ki, sağlam qidalanaraq sağlam yaşamaq lazımdır”.
Qeyd edək ki, oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 nəfər tələbə qida zəhərlənməsi şübhəsilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 18 tələbə ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.
Sadiq Cavadov