Sosial media platforması "Twitter" məzmun istehsalçılarına pul qazanmağa imkan verən yeni sistemini təqdim edib. 

İqtisadiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, istifadəçilər "Twitter Blue"ya abunə olduqda və son 3 ay ərzində 5 milyondan çox tvit baxışı əldə etdikdə sosial şəbəkədən pul qazana biləcəklər.

Ancaq bunun üçün hesablar mütləq təsdiqlənmiş olmalıdır.

Məlumata görə, ödənişlərin birinci mərhələsi 5 milyon dollar təşkil edəcək və ödənişlər Stripe maliyyə xidmətləri şirkəti vasitəsilə həyata keçiriləcək.

Bu ödənişlər tvit baxışları və izləyicilərin sayına görə müəyyən ediləcək. Bəzi böyük məzmun istehsalçıları bu gündən etibarən "Twitter"dən yüksək ödənişlər almağa başladıqlarını iddia ediblər. Məsələn, yazıçı Brian Krassenstein 750 000 izləyicisi olan "Twitter" hesabının ona 24.305 dollar qazandırdığını bildirib.

Seksual məzmun, zorakı məzmun, cinayət davranışı və müəllif hüquqlarının pozulması hallarında istifadəçi pul qazana bilməyəcək.