Türkiyənin neft və neft məhsulları idxalı avqust ayında illik müqayisədə 1,85% artaraq 4 milyon 431 min 668 tona çatıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) avqust ayı “Neft Bazarı Sektoru Hesabatı”nda deyilir.
Məlumata görə, Türkiyənin ümumi neft idxalında ən böyük maddəni təşkil edən xam neftin idxalı 7,11% azalaraq 2 milyon 649 min 870 tona çatıb. Bu dövrdə dizel idxalı 22,5% azalaraq 1 milyon 273 min 878 ton olub.
Ən çox xam neft və neft məhsulları idxalı 1 milyon 313 min 38 ton ilə Rusiyadan, 487 min 683 ton ilə İraqdan və 316 min 212 ton ilə Qazaxıstandan olub.
Qeyd edək ki, Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında Türkiyəyə neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 68,2% azalaraq 352,5 min ton təşkil edib. Hesabat dövründə ölkənin Türkiyəyə ixrac etdiyi neftin dəyəri isə 69,2% azalaraq 193 milyon dollar olub.
Gözəl Həşimova