İsveç parlamentinin mayın 3-də təsdiq etdiyi konstitusiya dəyişikliyi çərçivəsində terrorizmlə mübarizə üzrə yeni cinayət məcəlləsi bu gündən qüvvəyə minib.

İqtisadiyyat.az xəbər verir ki, qanun Türkiyənin İsveçin NATO üzvlüyünü ratifikasiya etmək üçün əsas tələblərindən biri idi. Bu barədə İsveçin xarici işlər naziri Tobias Billström “Dagens Nyheter” qəzetinə danışıb. Billström eyni zamanda PKK/YPG-nin İsveçdəki fəaliyyətinə də toxunub:

"PKK-nın torpaqlarımızdakı fəaliyyəti çox genişdir. Türkiyəyə qarşı terror fəaliyyətlərini maliyyələşdirmək üçün hərtərəfli araşdırmalar aparılır. Müxtəlif yollarla İsveç cəmiyyətinə də zərər verirlər".

Qeyd edək ki, qanun terror fəaliyyətlərində iştirak edən və terror təşkilatları ilə əməkdaşlıq edənlərə 4 ilə qədər həbs cəzası verir. Ağırlaşdırıcı səbəblər varsa, bu cinayətlərə görə cəza minimum 2, maksimum 8 il həbs olacaq. Silah, sursat, yanar və partlayıcı materiallar, nəqliyyat dəstəyi, torpaq və əmlakın terror təşkilatına icarəyə verilməsi kimi cinayətlərdə iştirak edənlərə 4 ilə qədər həbs cəzası verilə bilər. Bu cinayətlər üçün ağırlaşdırıcı səbəblər varsa, 1,5 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.