Türkiyədə istehsal edilən Qara dəniz təbii qazı nə indi, nə də sonrakı dövrlərdə Azərbaycandan idxal edilən qazın həcminə təsir göstərməyəcək.

İqsadiyyat.az xəbər verir ki, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bildirib.

“Türkiyə ötən il qaz idxalını qiymətlərin baha olması ilə əlaqədar 7 faiz azaldaraq 55 milyard kubmetrə yaxın qaz idxal edib. Türkiyə sentyabr ayından gündəlik 10 milyon kubmetr qaz hasil edəcək ki, bu da gələn ilin sentyabrına qədər təqribən 3.7 milyard kubmetr qazın hasili deməkdir. Bu da Türkiyənin ümumi qaz tələbatında çox kiçik bir rəqəmdir”, -deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Türkiyə hətta 2029-cu ilə qədər 15 milyard kubmetrə yaxın qaz hasil etsə belə Azərbaycandan alınan qazın həcmini azaltmayacaq.

“Azərbaycan qazı Türkiyəyə idxal edilən qazlar içərisində ən rəqabətədavamlı qazdır. Bu qaz istər İran, istərsə də Rusiya qazından ucuzdur. Ölkələrarası siyasi münasibətləri də nəzərə alaraq deyə bilərəm ki, böyük siyasət böyük ticarətin əsasıdır”, - deyə İ.Şaban əlavə edib.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. Ərdoğanın sözlərinə görə, bu tapıntı Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək. O, həmçinin qeyd edib ki, enerji resursları Türkiyənin milli təhlükəsizliyi üçün önəmlidir və yaxın zamanda bu qaz türk xalqının ixtiyarında olacaq.

Aprelin 20- də ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yerli vaxtla saat 21:23-də Qara dəniz qazının istismara verilməsi mərasimi keçirilib.

Bundan əlavə, Qara dəniz qazı əhaliyə verildikdən sonra 25 kubmetrinin ödənişi dövlət tərəfindən qarşılanacaq.