“Otellərin və aviaşirkətlərin qiymət siyasəti kommersiya komponentidir və dövlət tərəfindən idarə olunmur”.

Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.

O bildirib ki, hazırda qarşıda gələn Yeni il bayramını nəzərə alaraq aviaşirkətlər biletlərin qiymətini artıblar ki, bu da onların çəkdikləri xərclərinin ödəməsi ilə izah olunur. “Lakin vəziyyət yaxşılaşdıqca qiymətlər yenidən enəcək. Ümumilikdə təkcə Azərbaycanda deyil, əksər Avropa ölkələrində uçuşların sayı təxminən 30% azalıb. Pandemiya zamanı otellər də xeyli zərər çəkdi. Bəli, qeyd etmək lazımdır ki, bu il vəziyyət nisbətən yaxşılaşır, lakin postpandemiya dövrü təxminən il yarım hələ davam edəcək. Ümid edirik ki, 2023-cü ildə təkcə Azərbaycanda deyil, bütün dünyada turizm sektoru 2019-cu ilin səviyyəsinə qayıdacaq”, – deyə F. Zenqstşmid qeyd edib.
Bürosunun baş icraçı direktoru əlavə edib ki, pandemiya səbəbindən insanlar getdikcə daha çox daxili turizmə müraciət edirlər, lakin vəziyyət getdikcə yaxşılaşır.
“Turizm agentlərinin və mehmanxanaların rəylərinə əsasən biz bu il tələbin artımı baxımından müsbət tendensiyaları görürük. Təbii ki, bəzi bazarlar bizim üçün hələ də bağlıdır. Bu, Hindistan, bütün Asiya. Avropalılar da çox səyahət etmirlər. İndi bizim üçün əsas istiqamətlər Rusiya, Türkiyə, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanıdır ki, bu ölkələrdən Azərbaycana səyahət edirlər. İnanırıq ki, gələn il müsbət tendensiya müşahidə olunacaq və 2023-cü ilin sonuna qədər vəziyyət normallaşacaq”, – deyə F. Zenqstşmid əlavə edib.