Milyonlar, milyardlar və trilyonlarla dollarlar. Əmlak bazarı ilə bağlı son rəqəmlər sizin dünya və rəqəmlər barədə təsəvvürünüzü alt-üst eləmək gücündədir.

Məşhur «Savills» əmlak agentliyinin mütəxəssisləri planetdəki bütün əmlakların qiymətini hesablayıblar.

İqtisadiyyat.az FED.az-a istinadən xəbər verir ki, agentliyin hesablamalarına görə, dünyadakı bütün daşınmaz əmlakların ümumi dəyəri 280,6 trilyon dollardır.

Əmlakların ümumi qiymətinin nə qədər yüksək olduğunu göstərmək üçün kiçik müqayisə kifayət edir. Belə ki, dünyadakı əmlakların dəyəri qədər pulla 70 150 «Mançester Yunayted» klubunu və ya 112 240 ədəd «Mona Liza» rəsmini almaq olardı. Qeyd edək ki, «Mançester Yunayted» klubunun bazar qiyməti 4 milyard dollardır, Leonardo da Vinçinin ölməz əsəri olan «Mona Liza»nı isə mütəxəssislər 2,5 milyard dollar qiymətləndirirlər.

Son bir ildə dünyadakı əmlakların ümumi dəyəri 6,2% və ya 16 trilyon dollar artıb.

Ən maraqlısı da odur ki, əmlakların böyük hissəsi yaşayış sahələrinin – evlərin və mənzillərin payına düşür. Dünyadakı kommersiya obyektlərinin qiyməti «cəmi» 33,3 trilyon dollar, kənd təsərrüfatı torpaqlarının qiyməti isə 27,1 trilyon dollar təşkil edir.

«Savills» mütəxəssislərinin qiymətləndirməsinə görə, dünyadakı bütün əmlakların ümumi dəyəri bütün dünya üzrə Ümumi Daxili Məhsuldan 3 dəfə artıqdır.

Daşınmaz əmlak bazarının məbləğcə necə nəhəng olduğunu qiymətləndirmək üçün onu qızılı bazarı ilə də müqayisə etmək olar – tarixdə indiyədək hasil edilən bütün qızılların ümumi qiyməti 7,6 trilyon dollar və ya daşınmaz əmlak bazarının cəmi 3,5%-i qədərdir.

Əmlak bazarında ən byöük payı olan ölkələr və regionlar da məlum olub. Hesablamalar göstərir ki, kommersiya obyektlərinin dəyərinə görə, ölkələr arasında birinci yeri ABŞ tutur – burada bütün kommersiya əmlaklarının ümumi dəyəri 8,1 trilyon dollardır.

Sonrakı yeri Çin, Yaponiya, Almaniya və Böyük Britaniya tutur.

Əmlakının ən az dəyəri olan region isə çoxsaylı konflikt və müharibələrin olduğu Yaxın Şərq və Şimali Afrika regionudur. Buradakı əmlakların dəyəri dünyanın əmlak bazarında cəmi 2% təşkil edir.

Əhali sayına və əmlakın qiymətinə görə, dünyada birinci yeri Çin və Honkonq tutur. Belə ki, dünya əhalisinin 19%-nin toplandığı Çin və Honqdakı əmlakların dəyəri ümumi bazarın 26%-ni təşkil edir.

Dünya əhalisinin 10%-nin olduğu Avropadakı əmlakların dəyəri isə ümumi bazarın 22%-i qədərdir.

Şimali Amerika (ABŞ və Kanada) dünya əhalisinin cəmi 7%-ni təşkil etdiyi halda, buradakı əmlaklar dünyanın əmlak bazarının 22%-ni təşkil edir.

Ümumilikdə ABŞ və Kanadanın da daxil olduğu Şimali Amerika regionu və Avropada dünya əhalisinin cəmi 17%-nin yaşamasına baxmayaraq bu regionlardakı əmlakın ümumi dəyəri dünya bazarının 44%-ni təşkil edir.

Hesablamalar göstərib ki, dünyanın ən məşhur əmlak bazarlarından sayılan Böyük Britanyadakı evlərin ümumi qiyməti 9 trilyon dollar təşkil edir. Bu göstərici Rusiyadan təqribən 3 dəfə artıqdır. Belə ki, Rusiyadakı bütün evlərin qiyməti 2,9 trilyon dollardır. Şimal qonşumuzun ərazisindəki əmlakların dəyərinın 30%-i Moskvadakı əmlakların payına düşür. Rusiya paytaxtındakı əmlakların ümumi dəyəri 870 milyard dollardır.

Hesablamanı aparan «Savills» agentliyinin dünya tədqiqatların departamentinin direktoru İolanda Barns hesabatın nəticələrini şərh edərkən bildirib ki, əmlak bazarında çoxsaylı dəyişikliklərə baxmayaraq mənzil yenə də ən vacib əmlak sayılır: «Dünyada harada olursunuzsa olun, mənzil ilk növbədə sığınacaqdır. Amma getdikcə daha çox insan evinin hansı qiymətə olduğunu bilmək istəyir». Departament direktoru bildirir ki, ötən il dünyadakı bütün mənzil və evlərin qiyməti 8% artaraq 220,6 trilyon dollar təşkil edib.

Yeri gəlmişkən, mənzil və evlərin qiyməti kommersiya obyektləri ilə müqayisədə daha sürətlə artır – obyektlərin qiymətində artım cəmi 3% olmuş və ümumi qiymət 33,3 trilyon dollara çatmışdı.

Kənd təsərrüfatı torpaqları və meşələrin ümumi qiyməti isə ötən il 0,4% azalaraq 27,1 trilyon dollara enib.

Müqayisə üçün bildirək ki, ötən il dünyanın səhm bazarında qiymət artımı 22%, qızılın qiymət artımı isə 13% təşkil edib.

Bu dövrdə İstiqrazlar və borc kağızlarının qiyməti 3,5%, kommersiya obyektlərinin qiyməti 3% artıb. Dünya iqtisadiyyatında artım isə 3,5% təşkil edib.

Hesabatda digər maraqlı detal, dünyanın əmlak bazarının digər sahələrlə müqayisəsi olub. Belə ki, agentliyin ekspertlərinin hesablamalarına görə, dünyadakı bütün qiymətli kağızların ümumi dəyəri 190 trilyon dollara yaxındır. Bunun 105,3 trilyon dollarını istiqrazlar və digər borc kağızları, 85 trilyon dollarını isə səhmlər tutur.

Dünyadakı neft ehtiyatlarının ümumi qiyməti 114,1 trilyon dollar, indiyədək çıxarılmış olan bütün qızılların həcmi 7,6 trilyon dollar, kriptovalyuta bazarının həcmi isə cəmi 0,5 trilyon dollardır.