Bu gün “Trendyol” satış şəbəkəsindən vətəndaşlarımızın istifadəsinin haqsız rəqabətə yol açması ilə bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşının açıqlması insanlar arasında müəyyən narahatlıqlar yaradıb.

İqtisadiyyat.az xəbər verir ki, mövzu ilə bağlı deputat Vüqar Bayramov danışıb:

“Qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir. Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilərlər.”

 

 

Haqsız rəqabətə gəldikdə isə deputat deyir ki, rəqabəti qadağalar ilə müdafiə etmək rasional yanaşma deyil:

“Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan, “Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədə uyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı bu sahədə requlyativ tədbirlər görülə biləcəyini deyib.

Bu gün qurumdan edilən açıqlamada bildirilib ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə edilən, onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil.