ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi xarici ticarət rüsumlarından sonra dollar bəzi valyutalar qarşısında ucuzlaşdığı müşahidə olunur. Bu tariflər ümumilikdə dünya iqtisadiyyatına müəyyən təsirlər göstərməyə başlayıb. Belə ki, Tramp bir neçə gün əvvəl əksər ticarət tərəfdaşlarına yeni tariflər tətbiq edib. Lakin sonradan onların bəzilərinə tətbiq edilən tarifi 90 günlük dayandırıldığını elan edib. Amma Çinə 145% tarif tətbiq edib. Birləşmiş Ştatların rəhbərinin irəli sürdüyü yeni tarif istisnaları fonunda isə neftin qiymətləri yenidən artıb.
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, ABŞ dollarının müəyyən dövrdə dəyər itirməsi gözlənilən olub. Çünki ticarət müharibələrinin təsir etdiyi ölkələrdən biri də məhz ABŞ-dir.
Onun sözlərinə görə, bu isə Birləşmiş Ştatlarda xüsusilə qiymətlərin artmasına və dünya iqtisadiyyatında resessiya meyillərinin gücləndirilməsinə gətirib çıxaracağı gözlənilir: “Nəticə etibarı ilə ABŞ dollarının digər səbət valyuta nisbəti məzənnəsinə birbaşa təsir göstərir. Bu baxımdan təbii ki, dolların ucuzlaşması gözlənilən idi. Lakin ABŞ dollarının ucuzlaşması uzunmüddətli dövrü əhatə etməyəcək. Müəyyən müddətdən sonra dolların stabilləşməsi, səbət valyutalarına nisbətən məzənnənin yüksələcəyi gözlənilir”.
V.Bayramov qeyd edib ki, ticarət müharibəsi dünya iqtisadiyyatına da təsir göstərir. Onun sözlərinə görə, Azərbaycana bu təsir daha çox neftin dünya bazarı qiyməti ilə mümkün ola bilər: “Çünki neftin dünya bazarı qiyməti azalarsa, bu, Azərbaycana daxil olan valyutanın həcminin azalmasına gətirib çıxara bilər. Lakin əgər neftin dünya bazarı qiyməti stabil qalarsa, bu, sözsüz Azərbaycana daxil olan valyutanın həcminə təsir göstərməyəcək”.
Deputat vurğulayıb ki, ABŞ dollarının Azərbaycan manatına təsiri daha çox Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılıdır: “Çünki Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Növbəti dövrlərdə də Mərkəzi Bankın məzənnəsi manatın kursunun müəyyənləşdirilməsində həledici olaraq qalacaq. Amma sözssüz ki, manatın məzənnəsinin müəyyənləşdirilməsinə təsir göstərən əsas faktorlardan biri də neftin real bazar qiymətidir. Çünki Mərkəzi Bank manatın məzənnəsini müəyyənləşdirən zaman tədiyyə balansının vəziyyətini nəzərə alır. Tədiyyə balansında da ən çox təsir göstərən faktorlarlardan biri neftin dünya bazar qiymətidir. O baxımdan növbəti dövrlərdə də neftin dünya bazar qiyməti manatın məzənnəsinə təsir göstərən əsas faktorlardan biri olaraq qalacaq”.
İsmayıl Bakuvi