Logo

“Toyota” yeni günəş batareyası sistemi hazırlayacaq


Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota Motor” şirkəti gələcəkdə avtomobilləri üçün yüksək texnologiyalı yeni günəş batareyasından və onun əsasında hazırlanan sistemdən istifadə etməyi planlaşdırır.

Bu barədə oktyabrın 12-də şirkət məlumat yayıb. Bildirilir ki, ölkənin ən böyük avtomobil istehsalı konserni Qabaqcıl Sənaye Elmləri və Texnologiyaları İnstitutu ilə birlikdə gələcəkdə avtomobillərdə istifadəsi mümkün olacaq yeni günəş batareyalarının sisteminin hazırlanması ilə məşğul olacaq. Qeyd edilir ki, bu zaman əsas vəzifə belə batareya və sistemlərin dəyərini aşağı salmaq yolu ilə enerji istehsalının səmərəliliyini artırmadan ibarət olacaq.

Xatırladaq ki, “Toyota Motor” şirkəti bu yaxınlarda 2030-cu ilədək öz istehsalı olan elektromobillərin, hibrid və hidrogenlə işləyən avtomobillərin illik satış miqdarını 8 milyona çatdırmaq vəzifəsini qarşıya qoyub. Bu, yerli hakimiyyət orqanlarının və biznesin sənaye və avtomobillərin karbon emissiyalarını ciddi şəkildə azaltmaq istəyi ilə üst-üstə düşür. Yaponiya hökuməti isə ötən ilin oktyabrında elan edib ki, ölkə 2050-ci ildə sənaye və avtomobillərin karbon emissiyalarının sıfır həddinə çatmaq niyyətindədir.

2021-10-13 14:36:00 251
Teqlər: