Dünyanın ən böyük pivə istehsalçısı olan “Carlsberg” şirkəti Rusiyada pivə istehsalını və şirkətin məhsullarının satışını dayandırdığını elan edib.

Bu barədə məlumatı “Carlsberg” şirkəti yayıb.

“Biz Rusiya bazarında lider olan “Carlsberg” brendimizin istehsalını və satışını dayandıracağıq. “Baltika” pivə zavodlarının fəaliyyəti isə oradakı işçilərimizə və onların ailələrinə dəstək vermək naminə ayrıca biznes kimi idarə olunacaq”, - şirkətin yaydığı məlumatda qeyd olunub.

Bundan əvvəl isə eyni addımı Niderlandın məşhur “Heineken” pivə şirkəti atmışdı. Hazırda Rusiya Federasiyasının ərazisində “Heineken” brendi altında pivə istehsalı və satışını dayandırılıb.

Bundan əlavə bir sıra digər xarici şirkətlər Rusiyada məhsullarının istehsalını dayandırdıqlarını və ya Rusiyada mağazaların bağlanacağını, investisiya layihələrindən imtina etdiklərini bəyan ediblər.

Bu şirkətlərin sırasında Yaponiyanın məşhur videooyun istehsalçısı “Nintendo Co” və dünyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota Motor”da var.

Artıq “Toyota Motor” Rusiya Federasiyasında fəaliyyət göstərən əməkdaşlarını geri çağırır.

Eyni addımı Yaponiyanın “Mitsubishi Motors”, “Nissan Motor” və “Subaru” avtomobil şirkətləri də atıb.