Azərbaycanda koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən etibarən toylar qadağan edilib. Bir ildən çox vaxt keçib, amma qadağa hələ də qüvvədədir və ən əsası, nə vaxt aradan qaldırılacağı da məlum deyil. Bir çox cütlük gözləməyə davam edir, bəziləri isə münasibətlərini təntənəli mərasim keçirmədən rəsmiləşdirirlər.

Bundan əlavə, sözügedən qadağa bu sahədə çalışanlara da mənfi təsir edir. Söhbət şadlıq evlərinin fotoqrafları, videoqrafları, inzibatçıları, ofisiantları, aşpazları və müdirlərindən gedir.

Dayanıqlı İnkişaf Tədqiqat Mərkəzi ölkədə toylara icazə verilməsi şərtləri ilə bağlı ictimai rəy sorğusu keçirib.

“Bu, həqiqətən çox aktual bir mövzu və hətta problemdir. Bu gün bir çox insan işsiz qalıb. Mən hələ cütlüklərin bir ildən çoxdur toylarını edə bilmədiyini demirəm. Gec-tez pandemiya ilə yaşamağı öyrənməliyik, xüsusən də nəzərə almaq lazımdır ki, ölkədə mövcud karantin rejimi fonunda vaksinasiya prosesi davam edir. Toyların keçirilməsini mümkün edəcək müəyyən şərtlərin hazırlanması vacibdir. Məhz bu mövzuda ictimaiyyət arasında sorğu apardıq”, - deyə adı çəkilən Mərkəzin rəhbəri Nəriman Ağayev Media.Az-a bildirib.

Onun sözlərinə görə, anket sorğusunda gənc cütlüklərlə yanaşı, şadlıq evlərinin müdirləri, sürücülər, fotoqraflar, videoqraflar, inzibatçılar, ofisiantlar, bir sözlə, bu sahədə çalışanların hamısı iştirak edib.

“Respondentlərin demək olar ki, 99,9%-i ölkədə qeyd olunan şərtlərin işlənib hazırlanmasının tərəfdarıdır. Belə ki, məhz həmin şərtlər əsasında yenidən toyları bərpa etmək mümkün olacaq. Demək olar ki, hamı yekdilliklə qeyd etdi ki, şadlıq evlərinin girişində peyvənd sertifikatı tələb olunmasını qəbul edirlər. Bu, bir tərəfdən vaksinasiya miqyasının artmasına səbəb olar, digər tərəfdən də toy mərasimlərini bərpa etmək mümkün olardı”, - deyə qurum sədri izah edib.

Nəriman Ağayev qeyd edib ki, peyvənd edilməsinə qadağa qoyulmuş şəxsləri, həmçinin artıq xəstələnənləri də nəzərə almaq lazımdır. Lakin onların da müvafiq sertifikatları olmalıdır.

“Toy etmək və ya toyda iştirak etmək istəyirsinizsə, koronavirusa qarşı peyvənd vurdurun. Yalnız bu şəkildə tədricən normal həyata qayıda bilərik”, - deyə N.Ağayev əlavə edib.