“Ermənistanın torpaqlarımızın 20 faizini 30 ilə yaxın bir dövr ərzində işğal altında saxlaması ölkəmizə bütün sahələrdə böyük zərər vurub. Aparılan hesablamalara görə, bu zərərin həcmi 150 milyard dollardan çoxdur”.

Bunu İqtisadiyyat.az-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Onun sözlərinə görə, əgər torpaqlarımız işğal altında olmasaydı, bu gün Azərbaycan daha çox inkişaf edər və insanlarımızın rifahı daha yaxşı olardı:

“Müstəqilliyimizin ilk illərində çətin dövr zamanı - ölkədə o zamankı hakimiyyətin səriştəsiz fəaliyyəti nəticəsində siyasi xaosun hökm sürdüyü bir dövrdə digər tərəfdən torpaqlarımızın 20 faizinin işğal olunması Azərbaycanı ciddi çətinliklərlə qarşı qarşıya qoydu. Bir milyondan artıq insanımızın qaçqın və məcburi köçkün düşməsi böyük humanitar fəlakətə səbəb olmuşdu. İnsanlarımızın yerləşdirilməsi, qida və digər zəruri tələblərinin təmin edilməsi böyük vəsaitlər tələb edirdi".

Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə siyasi sabitliyin bərqərar olması qaçqınların və məcburi köçkünlərin də həyat şəraitinin yaxşılaşdırılmasına imkan yaratdı: "Zaman-zaman ölkədə çadır şəhərcikləri ləğv edildi, məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələri və kompleksləri tikildi. Əlbəttə ki, bütün bu işləri həyata keçirmək üçün böyük maliyyə vəsaitləri sərf olunurdu. Əgər bu problemlər olmasaydı, həmin vəsaitlər ölkəmizin iqtisadiyyatının inkişafına və digər sahələrə yönəldilə bilərdi və bu gün biz daha böyük iqtisadiyyata malik olmuş olardıq. Bu sadalanlar ermənilərin vurduğu maddi zərərdir, lakin ermənilərin günahsız insanlarımızı qətlə yetirməsi, Xocalı faciəsi kimi qətliamlar törətməsi heç bir insani çərçivəyə sığmır”.

“İşğal zamanı və işğal illərində ermənilər minlərlə günahsız insanımızı vəhşicəsinə qətlə yetirib, işğal etdikləri ərazilərimizdə tarixi-mədəniyyət abidələrimizi, bütün infrastrukturu məhv ediblər, təbii sərvətlərimizi mənimsəyiblər, ətraf mühitə ciddi zərər vurmaqla, flora və faunanı məhv etməklə, çayları çirkləndirməklə, meşələrimizi qırmaqla ekoloji balansı pozublar. Bu gün ermənilərin vurduğu zərərdən biri də mina problemidir. Ermənilər işğal dövründə ərazilərimizdə çoxlu sayda minalar basdırıb və bu gün həmin ərazilər dünyada minalarla ən çox çirkləndirilmiş ərazilərdən biridir. Vətən müharibəsindən sonra çoxlu sayda insanımız mina qurbanına çevrilib. Ərazilərimizin minalardan təmizlənməsi böyük maliyyə vəsaiti və uzun vaxt tələb edir. Bütün bu zərərlər maddi ölçüyə gəlmir. Hesab edirəm ki, Ermənistan bütün bu vəhşiliklərinə görə cavab verməlidir”, - deyə S.Hüseynova vurğulayıb.