Azərbaycanın vahid torpaq fondu 8,6 milyon hektar təşkil edir ki, bundan kənd təsərrüfatına yararlı torpaq sahələri cəmi 4,8 milyon hektardır (55,2 %).

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsinə və onların təyinatı üzrə istifadə edilməsinə nəzarət gücləndirilib: “Son vaxtlar qeyri-kənd təsərrüfatı məqsədləri üçün kənd təsərrüfatına yararlı torpaq sahələrinin kateqoriyasının və təyinatının dəyişdirilməsi ilə bağlı çox sayda müraciətlər olunur.

Lakin kənd təsərrüfatı təyinatlı torpaqların ölkənin ərzaq təhlükəsizliyi, əhalinin ərzaq təminatı və məşğulluğu üçün vacib əhəmiyyətini nəzərə alaraq, həmin torpaqlardan təyinatından kənar istifadə edilməsi arzuolunmazdır və xüsusi nəzarətdə saxlanılacaq”.