“Torpaq qiymətləndirilməsi ilə bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna edilən dəyişiklik müxtəlif ərazilərdə torpaq qiymətlərinin ucuzlaşmasına imkan yarada bilər”.

Bunu İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

O qeyd edib ki, bu qanunun tətbiqindən sonra torpaq qiymətləri bir qədər reallığa uyğun ola bilər: “Bu gün bazarda şişirtmə qiymətlər də mövcuddur. Bələdiyyələr torpağı satışa çıxarmamışdan əvvəl qiymətləndiricilər tərəfindən qiymətləndiriləcək. Artıq bələdiyyələr tərəfindən qiymət müəyyən olunmayacaq. Yeni qanun qiymətlərdə ucuzlaşmaya şərait yarada bilər. Elə yerlər var ki, orada qiymətlər arta bilər, ancaq elə yerlər var ki, şişirdilmiş qiymətlər müəyyən edilir. Yeni qanun real qiymətlərin müəyyən edilməsinə imkan verəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliklər ilə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinın satışı, eləcə də hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiymətinin müəyyən olunması sahəsində yeni səlahiyyət müəyyənləşib. Yeni dəyişikliklərə əsasən, torpağın qiyməti bilavasitə bələdiyyələr tərəfindən deyil, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa uyğun olaraq müəyyən ediləcək. Bu dəyişiklik sözügedən sahədə şəffaflığın daha da gücləndirilməsinə, vətəndaşların torpaqlara əlçatanlığının artmasına, maraqların toqquşmasının qarşısının alınmasına və sui-istifadə hallarının aradan qaldırılmasına xidmət edəcək.  

Elçin Mehdiyev