Azərbaycan zəngin tarixə və qədim mədəniyyətə malik olan bir ölkədir. Tarix boyu müxtəlif mədəniyyətlərə və dinlərə mənsub etnoslar bu torpaqlarda yaşayıb və yaratmışlar. Mədəniyyətindən, dinindən, milliyətindən asılı olmayaraq hər kəs Azərbaycan torpaqlarında qarşılıqlı hörmət və birgəyaşayış şəraitində yaşayıb. Bu isə ölkədə əmin-amanlığın sabitliyinə və cəmiyyətin möhklənməsinə böyük imkanlar yaradıb. Bu gün ölkəmizdə ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət və birgəyaşayış şəraitində bir ailənin üzvləri kimi yaşaması Azərbaycanın tolerantlığının göstəricisidir. Buna növbəti misal olaraq, ölkəmizdə dini ibadətgahlara dövlət tərəfindən ayrılan diqqət və qayğını göstərə bilərik. Azərbaycan azad edilmiş ərazilərdə dağıdılmış məscid, kilsə və məbədləri bərpa edir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Azərbaycanda mədəni və dini müəssisələr, eləcə də ibadətgahlar arasında heç bir fərq qoyulmur.

O vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə kilsələr də məscidlər kimi eyni qaydada bərpa olunur. Deputatın sözlərinə görə, bütün bunlar elə Azərbaycanın tolerantlıq mühitinin göstəricisidir:

“Çünki hər zaman bizdə bu mövzular müzakirə olunanda Azərbaycanı məhz bu adla, bu imiclə tanıyırlar. Ona görə də bu ənənə bundan sonra da davam edəcək. Hesab edirəm ki, çox faydalı bir ənənədir. Bu məsələdə təbii ki, Heydər Əliyev Fondunun çox böyük rolu vardır. Fondun himayəsinə götürdüyü çox sayda elə mədəni obyektlər və müəssisələr var ki, onların bərpası çox ağır bir prosesdir. Amma onları səbrlə və mütəxəssislərin yardımı ilə həyata keçirirlər. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda da bu kimi bərpa funksiyasını yerinə yetirən mütəxəssislərin hazırlanması üçün xüsusi mexanizm yaradılıb. Bunların hamısı Azərbaycanın elə dünyaya tanıtımının məhz bu aspektdə olmasını təmin edir”. 

F.Mustafa azad olunmuş ərazilərdəki məscidlərimizin böyük əksəriyyətinin işğal dövründə ermənilər tərəfindən dağıdıldığını xatırladıb: “Qalanlarını da sadəcə adlarını təhrif etmiş və yaxud da guya ki, məscidlərə toxunmadıqlarını nümayiş etdirmək üçün bir-ikisini nümunə kimi saxlamışdılar. Amma Azərbaycan bütün Qarabağda olan Alban kilsəsinə məxsus xristian abidələrini, sonradan ermənilərin özlərinin Xankəndidə tikdiyi kilsələrini belə qoruyub saxlayır. Onları mühafizə və bərpa edir. Müharibə dövründə zərər çəkən ibadətgahlardan biri də Rus Pravoslav Kilsəsi idi. Bu kilsə də raket zərbələrinə məruz qalmışdı. Azərbaycan Rus Pravoslav Kilsəsini də bərpa etməklə tolerant ölkə olduğunu bir daha göstərmiş oldu. Bütün bunların hamısı imicimizdir və biz bu kursu bundan sonra da davam etdirəcəyik”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin digər üzvü Ceyhun Məmmədov isə İqtisadiyyat.az-a açıqlamasında Azərbaycanın dünyada tolerantlığı ilə seçilən bir ölkə olduğunu söyləyib.

O bildirib ki, bu gün Azərbaycana dünyada tolerantlığın ünvanı və məkanı kimi baxılır: “Bunun çox ciddi əsasları vardır. Çünki bu gün ölkəmizdə bütün dinlərin nümayəndələri sülh və qarşılıqlı anlaşmalar şəraitində yaşayırlar. Bu, bizim qürur mənbəyimizdir. Prosesin belə olması bizim üçün önəmli bir məsələdir. Bu gün bütün dünya Azərbaycana hörmətlə yanaşır. Ona görə ki, bu məsələyə Azərbaycanda xüsusi önəm verilir. Bu gün biz bunu Azərbaycan nümunəsində görürük. Ölkəmizdə məscidlər və kilsələr bərpa olunur. Müsəlman abidələrinə göstərilən diqqət və qayğının bütün dinlərin abidələrinə qarşı göstərildiyinin şahidiyik. Bu özünü ölkəmizdə çox açıq və parlaq şəkildə göstərir. Biz çalışmalıyıq ki, bu məsələni həmişə diqqətdə saxlayaq. Təbii ki, ibadət evlərinin təmiri və bərpasında Heydər Əliyev Fondu çox mühüm rol oynayır”.

Xatırladaq ki, bu günədək Azərbaycanda 995 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 957-i İslam, 38-i isə qeyri-islam (xristian – 27; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. Ölkə ərazisində 2258 məscid mövcuddur. Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Ölkədə ümumilikdə 748 pir və ziyarətgah müəyyən edilib. İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. Azad olunmuş ərazilərimizdəki 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-i isə qismən işğal dövründə dağıdılaraq yararsız hala salınıb. Azərbaycan dövləti isə dini ibadətgahların bərpası istiqamətində müvafiq iş aparır. Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işlərində fəal iştirak edir. Fond kilsə və məscidlərin bərpası istiqamətində işləri davam etdirir.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

 

Sadiq Cavadov