Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub və Qazaxıstan lideri Moskva vilayətində törədilən terror aktının qurbanları ilə əlaqədar Rusiya dövlət başçısına və Rusiya xalqına başsağlığı verib, terrorizmlə mübarizədə həmrəy olduğunu bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.

"Söhbət zamanı prezident Kasım-Jomart Tokayev Moskva vilayətində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar bütün qazaxıstanlılar adından Prezident Vladimir Putinə və qardaş Rusiya xalqına dərin hüznlə başsağlığı verib", - məlumatda deyilir.

"Dövlətimizin başçısı dinc əhaliyə qarşı amansız zorakılıq aktını qətiyyətlə pisləyib və terrorizmə qarşı mübarizədə Rusiya ilə həmrəy olduğunu bir daha təsdiqləyib", - deyə mətbuat xidməti bildirib.