Azərbaycan seqmentində “TikTok” yayımlarında yüz minlərlə dollar dövr edir. Bəzi iddialara görə Azərbaycanda da bir çox ölkələrdə olduğu kimi sui istifadə halları var. 

İqtisadiyyat.az Ölkə.Az-a istinadən xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas son günlər qonşu Türkiyədə blogerlərə qarşı nəzarətin gücləndirilməsindən danışarkən deyib.

“Türkiyədə dəbdəbəli həyat tərzi ilə diqqət çəkən bloger, “influencer”lər uzun müddətdir nəzarətdədir. Artıq bir neçə cütlük çirkli pulların yuyulmasında iştirak etdiyinə görə həbs edilib. Adətən hər hansı pul yumaq istəyən şəxs “influencer”ə çox böyük miqdarda rəsmi köçürmə edir. Daha sonra həmin “influencer” də aldığı ödənişin bir hissəsini ödəyənə geri qaytarır. Ortada çox böyük məbləğlərdən söhbət gedir. 

Əlavə olaraq “TikTok” yayımlarında hədiyyə qarşılığında bədən əzalarını göstərən xanımlar da qanunla məsuliyyətə cəlb edilib. Dövlət orqanları bunu bədənini canlı yayımda satmaq olaraq mövqeləndirir. Bir məsələ də var ki, bədənin müxtəlif nahiyələrinin fotolarının “OnlyFans” da satılmasına görə “OnlyFans” da Türkiyədə bloklanıb. Türk xanımlar isə “OnlyFans”ın bloklanmasına görə hökümətə etirazlar edirlər.

Nəzərə almaq lazımdır ki, Azərbaycan seqmentində də “TikTok” yayımlarında yüz minlərlə dollar dövr edir. Bəzi iddialara görə Azərbaycanda da bir çox ölkələrdə olduğu kimi sui istifadə halları var”, - deyə F. Pərdəşünas bildirib.