Əmlak məsələləri üzrə ekspert Elnur Azadov İqtisadiyyat.az-a bildirib ki, son illər ilkin bazarda tikinti şirkətlərinə verilən sərəncamların sayı azalıb və buna görə də şirkətlər mənzillərin sayı azaldıqca onların qiymətlərini qaldırmağa davam edirlər.

Onun sözlərinə görə, eyni ərazidə yeni inşa olunan bina ilə köhnə tikili arasında mənzillərin bir kvadrat metrində təxminən 10-15 faiz qiymət fərqi var: "Hətta bünövrə səviyyəsində də biz bu fərqi müşahidə edə bilirik. Hazırda "Ağ şəhər"də yeni başlayan layihələrin qiyməti bünövrədən 4500, köhnə binalarda isə hətta 3500-4 min arası qiymətlər mövcuddur". 

Fərdi evlərin tikintisində də oxşar vəziyyətin olduğunu vurğulayan ekspert söyləyib ki, hazırda 1 kavdrat metrin təmir və tikintisinin qiyməti əvvəlki illərlə müqayisədə 15-25 faiz artıb.

E.Azadov hələ 2022-ci ildə inşaat materiallarının bahalaşması fonunda tikinti şirkətlərinin qiymətləri qaldırmağa başladığını vurğulayıb. Onun sözlərinə görə, inşaat materiallarındakı qiymət artımının daşınmaz əmlak bazarına təsirləri qaçılmazdır: "Bu ilin əvvəli ilə sonu arasında qiymət artımı 5-10 faiz dəyişdi. Ən yüksək qiymət artımı isə coğrafi baxımından bəzi əraziləri əhatə edir. 2022-ci ildən başlayaraq isə tikinti şirkətləri arasında rəqabət də azalıb. Bunun fonunda da qiymətlər kəskin bahalaşmağa başlayıb. Hesab edirəm ki, 2025-ci ildə bazar aktivləşərsə və tikinti şirkətləri arasında rəqabət yükək olarsa, qiymət artımı dayana bilər". 

İsmayıl Bakuvi