Bakı-Qroznı marşrutu üzrə hərəkət edən təyyarə qəzası Azərbaycan xalqı üçün növbəti bir sınaq oldu. Bütün xalqımız bu faciəvi hadisədən dərin sarsıldı, həssas münasibət göstərdi, milli birlik və həmrəylik nümayiş etdirdi, bu çətin gündə hər kəs dövlətinin yanında yer aldı.
Milli Məclisin deputatı Könül Nurullayeva İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bu hadisə Azərbaycan cəmiyyətində növbəti dəfə milli və siyasi həmrəylik mühitinin möhkəmliyini təsdiqlədi.
Deputat xatırladıb ki, qəza baş verən zaman Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyev qəza barədə məlumat aldıqdan sonra dərhal geri dönmək barədə tapşırıq verib:
"Bu, Azərbaycan dövlətinin və şəxsən Prezidentin məsələyə çevik reaksiyası idi. Dövlət başçısının təyyarəsi enəndən sonra dərhal hava limanında operativ müşavirə keçirildi, dövlət komissiyası yaradıldı və dövlət qurumlarından ibarət heyət hadisə yerinə göndərildi. Eyni zamanda ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyalar təyyarə qəzası ilə bağlı birgə bəyanat yaydılar. İyirmi dörd partiya bir daha xalqımızın və dövlətimizin yanında olduqlarını bəyan edərək bu bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirmək cəhdini qınadı, vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını həmrəyliyə çağırdı".
Deputat Elşən Musayev isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, məlum faciə hər kəsi dərindən sarsıdıb. O, bu cür kədərli günlərdə də xalqımızın birliyindən və vəhdətindən söz açıb:
"Qarşıdan Yeni illə yanaşı, həm də Həmrəylik Günü gəlir. Şəxsən mənim anlamımda bu gün bizə lazım olan ən böyük həmrəylik, ələlxüsus da, Qarabağ uğurundan sonra üzərimizi saran və inkişafımızı heç cür həzm edə bilməyən qara qüvvələrə qarşı nümayiş etdirəcəyimiz həmrəylikdir. Azərbaycanın simvoluna və xilaskarına çevirilən İlham Əliyevin ətrafında hər zamankı kimi, hətta hər zamankından da artıq göstərməli olduğumuz həmrəylikdir. Daxildəki xainlərin, xarici piştaxtalarda milli maraqları 5 qəpiyə satmağa hazır olan namərdlərin, satqınların ifşasını tezləşdirəcək həmrəylikdir. Bizi xoşbəxt günümüzdə də, kədərli günümüzdə də bütövləşdirəcək həmrəylikdir".
"Tanrı bu qəzada həyatını itirən bütün bacı və qardaşlarımıza rəhmət eləsin. Yaralılar tezliklə şəfasına qovuşsun və belə ölümlər, belə faciələr bir də olmasın. Hazırda cinayət işi başlanılıb, müxtəlif versiyalar yoxlanılır və heç şübhəsiz ki, sonucda ictimaiyyət də bütün təfərrüatlardan məlumatlı olacaq. Bildiyiniz kimi, dünən ölkədə fəaliyyət göstərən siyasi partiyalar qəza ilə bağlı bəyanat yaydılar və Azərbaycan xalqına başsağlığı verdilər", - deputat əlavə edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib. Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.