Azərbaycanda əkin sahələrində siçanabənzər gəmiricilərin yayılması hallarına rast gəlinir. Bu kimi hallar son vaxtlar Yardımlı rayonunda əkin sahələrində geniş yayılıb. 

Yerli sakinlər İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, əkin sahələrinə sıçovullar doluşub.

Onlar zərərvericilərin əkin sahələrini məhv etdiklərini söyləyir və buna görə də hər mövsümdə təsərrüfatda məhsuldarlığın aşağı düşdüyünü deyirlər.

Bu vəziyyətdən narahat olan rayon sakinləri və fermerlər mövcud problemin aradan qaldırılması üçün aidiyyəti qurumlardan kömək istəyir.

Məsələ ilə bağlı kənd təsərrüfatı eksperti Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, yerli Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisləri fermerlərin həyəcan siqnalına mütləq şəkildə reaksiya verməlidirlər.

Nazirlik üzərinə düşən vəzifələri yerinə yetirə bilmir

Onun sözlərinə görə, Kənd Təsərrüfatı idarələri kəndlərdə mövcud olan problemi hər kəsdən öncədən bilməlidir.

Ekspert söyləyib ki, əkin sahələrindəki zərərvericilərin qarşısını almaq üçün bir sıra müasir mübarizə metodları var: "Əvvəllər sıçovulların hücumundan qorunmaq üçün sahələri sulayırdılar. Çünki sıçovullar yerin altında özlərinə xəndək kimi yol qazırlar. Sıçovulların açdığı yol su ilə dolanda boğulub ölürlər. Hazırda sahələrə verilən həmin sulara müəyyən dərmanlar qatılır. Bu isə zərərvericiləri zəhərləyir. Digər metod isə sahələrin öncədən dərmanlanmasıdır".

A.Nəsirlinin sözlərinə görə, zərərvericilərə qarşı mübarizədə mütəxəssislər tərəfindən aqrotexniki tədbirlər həyata keçirilməlidir. Dövlətin xərc çəkərək tikdiyi Kənd Təsərrüfatı idarələri problemlərə ciddi yanaşmalıdır: "Artıq 2 ildir ki, Aran rayonlarında yonça sahələri həşəratlar tərəfindən məhv edilir. Birinci biçim zamanı məhsuldarlıq səviyyəsi yüksək olur. Lakin həşəratlar ucbatından fermer bu məhsuldarlığı əldə edə bilmir. Təəssüf ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən heç bir addım atılmır. Nazirlik üzərinə düşən vəzifələri yerinə yetirə bilmir".

Fermerlər problem varsa, nazirliyə müraciət etməlidirlər

Kənd Təsərrüfatı Nazirliyindən isə İqtisadiyyat.az-a bildirilib ki, fermerlər siçanabənzər gəmiricilərin əkin sahələrinə vura biləcəkləri ziyanın vaxtında qarşısının alınması məqsədi ilə bu zərərvericinin müşahidə edildiyi ilk dövrlərdə Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarına müraciət etməlidirlər.

Qeyd edilib ki, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri tərəfindən əkin sahələrində siçanabənzər gəmiricilərin geniş yayılmasının qarşısının alınması məqsədi ilə müşahidə və mübarizə tədbirləri həyata keçirilir: "Cari ilin sentyabr ayından bugünədək 62611 hektar sahədə müşahidələr aparılıb, 27180 hektar sahədə sirayətlənmə aşkar edilib, 2989 hektar sahədə mübarizə  tədbirləri həyata keçirilib. Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir".

Məlumatda vurğulanıb ki, siçanabənzər gəmiricilərin artıb çoxalması üçün optimal temperatur 10-25°C-dir: "Havanın temperaturu yüksək olduqda yaşlı fərdlər istilərə dözməyərək məhv olur, kiçik yaşlı fərdlər isə yaşlılara nisbətən istiyə daha çox davamlıdırlar. Bunun əksinə olaraq havanın şaxtalı olduğu dövrdə yaşlı fərdlər davamlı, cavan fərdlər isə davamsız olur. Bu səbəbdən şaxtalı havalarda cavan fərdlərin kütləvi məhv olması baş verir. Böyük bədən ölçülü istiqanlılara nisbətən siçanabənzər gəmiricilər fərqli bioloji orqanizm olaraq yaşamaq üçün daha çox enerji sərf edir. Bu səbəbdən onların daha çox qidalanmasına ehtiyac yaranır. Zərərvericiyə qarşı mübarizədə aqrotexniki tədbirlərin rolu böyükdür. Belə ki, əkin sahələrində məhsulun vaxtında və itkisiz yığılması, bitki qalıqlarının sahədən təmizlənməsi, sahənin vaxtında şumlanması, becərilməsi, sualtı əkinlərdə sahələrin vaxtında suvarılması, həmçinin əkinətrafı ərazilərin bellənməsi və ya şumlanması siçan populyasiyalarının artmasının qarşısının alınmasında mühüm rol oynayır".

"Zərərvericinin yeni ərazilərə yayılması və ən çox saya malik pik mərhələsində kimyəvi mübarizə üsulundan istifadə edilir. Respublikamızda son illər siçanabənzər gəmiricilərə qarşı əsasən Sink-fosfid preparatı tətbiq olunur. Ziyanvercilərə qarşı payız mövsümündə dənli taxıl bitkilərinin bir hektarında işlək yuvaların sayı 50, erkən yazda 75, yaz mövsümündə 100 olduqda mübarizə aparılır. Payızlıq əkinlərdə hesabatlar taxılın kollanma fazasından qış soyuqları düşənə qədər, yazda isə bitkinin yenidən inkişafa başladığı dövrdə aparılır. Kimyəvi mübarizə məqsədi ilə sink- fosfid preparatı ilə aldadıcı yem hazırlanır. Aldadıcı yemin hazırlanmasında dənlərdən, günəbaxan tumundan, yarma, kəpək, sıyıq, kombinə edilmiş yemlərdən istifadə olunur. Gəmiricilərin zərər vurduğu sahələrdə hər işlək yuvaya 3 qram aldadıcı yem qoyulur", - məlumatda qeyd edilib.

 

Gülşən Şərif

Sadiq Cavadov