Telegram, Vkontakte kimi məşhur platformaların yaradıcısı Pavel Durov öz hesabında qısa zamandır fəaliyyətə başlayan Telegram Premium haqqında məlumat paylaşıb.

Durov bildirib ki, yeni funksiya bir neçə ay ərzində böyük uğurlar əldə edib:

"Cəmi 5 ay əvvəl təqdim etdiyimiz Telegram Premium qısa müddətdə 1 milyon abunəçini keçdi və indiyə qədər istifadəyə verilmiş sosial media abunə planının ən uğurlu nümunələrindən birinə çevrildi.

Hələ də Telegram-ın ümumi gəlirinin yalnız bir hissəsini təşkil etsə də, Telegram Premium hər gün durmadan artır və bir gün hətta reklamlarımıza rəqib ola bilər."

Qeyd edək ki, Telegram Premium istifadəçiləri əlavə funksiyalar, daha sürətli yükləmə imkanları və daha geniş resurslardan yararlana bilirlər.