Pavel Durov-un daha əvvəlki bəyanatlarına və fərdi mənbələrə əsaslanaraq Forbes əməkdaşları Telegram-ın aylıq xərclərini hesablayıblar. Pavel Durov Telegram Premium-un istifadəyə verildiyini elan edən zaman qeyd etmişdi ki, messencerin ümumi istifadəçi kütləsinin 2.5-3%-i Telegram Premium-u əldə etsə, şirkət öz xərclərini qarşılaya və onun problemsiz fəaliyyətini təmin edə bilər. Forbes isə messencerin 700 milyonluq istifadəçi kütləsini və Telegram Premium-un aylıq abunəlik haqqını nəzərə alaraq belə nəticyə gəlib ki, messencerin aylıq xərci 45 milyon dollar təşkil edir. İl ərzində isə bu göstərici 540 milyon dollar təşkil edir. Bu göstərici Telegram Premium-un bütün dünya üzrə orta aylıq qiyməti (4$ səviyyəsində), ƏDV, Apple şirkətinin 30%-lik, Google şirkətinin isə 15%-lik komissiyası və digər faktorlar nəzərə alınmaqla əldə edilib.

    Forbes-un fərdi mənbəyi qeyd edib ki, messencerin bütün xərclərinin qarşılanması üçün ümumi istifadəçi kütləsinin 2.5%-nin Telegram Premium-dan istifadə etməsi kifayətdir. Lakin əgər Telegram Premium-dan ümumi istifadəçi kütləsinin 3%-i istifadə etsə, şirkət yeni faydalı funksiyaların istifadəyə verilməsi üçün əlavə vəsaitə sahib olacaq. Maraqlısı ondadır ki, 2019-cu ildə Telegram infrastrukturunun xidməti üçün 190 milyon dollar, 2020-ci ildə isə 220 milyon dollar vəsait xərclənmişdi. Həmin vaxtda məlumat verilmişdi ki, messencer 400 milyonluq istifadəçi kütləsinə sahibdir. Beləliklə belə nəticəyə gəlmək olar ki, Telegram-ın istifadəçi kütləsi 2020-ci ildən 2022-ci ilə kimi 1.75 dəfə, xərcləri isə 2.5 dəfə artıb.