Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib. 

İqtisadiyyat.az-ın "TRT Haber"ə istinadən verdiyi məlumata görə, bu barədə qərar çərşənbə axşamı keçirilən iclasda qəbul edilib.

İndi sənəd Parlamentin Baş Assambleyasının tam iclasında səsverməyə çıxarılacaq. Bununla bağlı səsvermənin keçiriləcəyi tarix hələlik məlum deyil, lakin reqlamentə əsasən, sənədin komissiya tərəfindən təsdiqləndiyi tarixdən 48 saat sonra baxılması mümkündür.

Qeyd edək ki, Türkiyə parlamenti cümə günü qış tətilinə çıxmalıdır. Türkiyənin siyasi dairələrindəki mənbə TASS-a bildirib ki, səsvermənin bu il, yoxsa artıq yanvarda, təxminən ayın 10-dan sonra keçiriləcəyi hələ məlum deyil.

İsveçin Türkiyə Məclisində NATO-ya üzvlüklə bağlı müraciətinin ratifikasiyası prosesi oktyabr ayında başlayıb.