Ötən gün Bakıda inşaat materialları bazarında baş verən yanğın nəticəsində sahibkarlara xeyli zərər dəyib. Bu hadisə kompensasiya məsələsini gündəmə gətirib. Azərbaycan Sığortaçılar Assosiasiyası isə bazarda mövcud olan daşınar əmlakların sığortasının olmadığı barədə məlumat yayıb. Ona görə də malları yanıb məhv olan sahibkarlara sığorta ödənişi edilməyəcək. Maddi zərərlə üzləşən sahibkarlar isə kompensasiya ilə ümidlənirlər.

Məsələ ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən iqtisadçı Əkrəm Həsənov deyib ki, bazarda malları yanan sahibkarlara kompensasiya verilməsi gözlənilmir. Onun sözlərinə görə, əgər həmin materiallar sığortalanmayıbsa, sığorta ödənişi də edilməyəcək: 

"Hətta daşınmaz əmlak sahəsinin sığortası olarsa, ödəniş müəyyən məbləğlə məhdudlaşacaq. Yəni yanğın zamanı yanmış bütün materiallara görə ödəniş olunmayacaq. Əslində bu vəziyyət sahibkarlara məxsus riskdir. Zamanında öz materiallarını sığortalamadıqları üçün kompensasiya da verilməyəcək".

Milli Məclisin deputatı Tahir Rzayev isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, sahibkarlara çox ciddi ziyan dəyib və demək olar ki, materialların hamısı məhv olub.

"Bundan başqa, həmin bazarda xeyli sayda insan işləyirdi və məlum vəziyyətlə bağlı müəyyən müddət işsiz qalacaqlar. İnşaat materialları bazarında baş verən yanğın hər birimizi təəssüfləndirir. Hazırda müvafiq tədbirlər həyata keçirilir və yanğının baş vermə səbəbləri araşdırılır. Daha sonra günahkar şəxslər cəzalandırılacaqlar".

Bazarda məhv olmuş materiallara görə kompensasiya məsələsinə gəlincə, deputat bu məsələnin sual altında olduğunu vurğulayıb: "Bazardakı materiallar sığortalanmış olsaydı, dəymiş ziyan dövlət tərəfindən ödəniləcəkdi. İndiki məqamda isə malların sığortalanmadığı məlum olub. Uzun müddətdir ki, parlamentdə və kütləvi informasiya vasitələrində insanların öz əmlaklarını sığortalaması ilə bağlı müraciətlər olunur. İstər aqrar, istər sahibkarlıq, istərsə də digər sahələrdə şəxsin mülkü varsa, sığortalanması vacibdir. Əslində sığortalanma böyük məbləğdə vəsait də tələb etmir. Mülkün qiymətindən asılı olaraq, sığortalanma prosesi 1 il üçün 220-500 manat civarında dəyişir. Təəssüf ki, insanlar sığorta məsələsində çox laqeyddirlər. Sığortalanma olmadıqda dövlət dəymiş ziyana görə yüksək məbləğdə ödənişi necə edəcək?! Bundan başqa, yanmış malın həcmi də bilinmir. Amma bununla yanaşı dövlət bu cür məsələlərə hər zaman xüsusi qayğı və diqqətlə yanaşır. Ona görə də hökumət araşdırmalardan sonra hansısa tədbirlər görə bilər". 

Xatırladaq ki, ötən gün paytaxtın Ziya Bünyadov prospektində yerləşən və “Taxta bazarı” kimi tanınan inşaat materialları bazarında yanğın baş verib. Yanğın nəticəsində sahibkarlara xeyli ziyan dəyib.


Gülşən Şərif