Son vaxtlar taksi xidməti sahəsində xoşagəlməz hallar aktual olaraq qalır.  artması aktual məsələlərdən biridir. Belə ki, əksər sərnişinlər taksi kimi istifadə olunan avtomobillərin salonlarının pis vəziyyətdə olmasından, sürücülərin ünvanı tanımamasından, etik qaydaların pozulmasından narazılıq edirlər. Bununla yanaşı, sürücülər də daşıma qiymətlərinin onlara sərf etmədiyini bildirirlər. Maraqlı məqam isə budur ki, hələ də  problemin həlli istiqamətində hansısa addımlar atılmır. 

 

 

Mövzu ilə bağlı "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin icraçı direktoru, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev vurğulayıb ki, taksi xidməti sahəsinə dövlət tərəfindən nəzarət edilərsə, bu halda sərnişinlərin şikayətlərində azalma müşahidə olunacaq:

"Bəzi sahələrdə dövlət nəzarəti olmadıqda  işbazlar xaos yaradaraq mənfəət əldə edirlər. Təəssüflər olsun ki, bu gün  taksi xidməti sahəsində də xaos hökm sürür. Hər gün mətbuatda taksi adı ilə narkokuryerlik, o cümlədən "avtoş"luq edənlərin saxlanması ilə bağlı informasiyalara rast gəlinir. Bundan başqa, qadınlara və qızlara qarşı qeyri-etik hərəkətlər edən taksi sürücülərinin  cəzalandırılması halları da var. Yəni sözün həqiqi mənasında ailəsinə çörək aparmaq üçün işləyən şəxslərin sayı 50-60% nisbətindədir. Sərnişinlərin şikayətlərinə gəlincə, taksi xidmətində çalışan şəxsin şəhər ərazisini yaxşı tanıması mütləqdir. Bundan əlavə, sürücülük stajının müddətinə və avtomobilin buraxılış ilinə diqqət edilməlidir. Taksi xidməti sahəsidə işləyən şəxslərə şirkətlər tərəfindən etik qaydalar mütləq şəkildə öyrədilməlidir".

 

 


Taksi xidməti ilə bağlı narazılıqların hər gün artmasının təəssüf doğurduğunu qeyd edən nəqliyyat eksperti Yasin Mustafayev isə öz növbəsində bildirib ki, qanun layihəsinin qəbul olunmasına ehtiyac var:

"Taksi sürücülərinin özbaşınalığı sərnişin şikayətlərinin artmasına rəvac verir. Çünki sözügedən sahədə istənilən şəxs taksi fəaliyyəti ilə məşğul ola bilir.  Bu gün taksi xidməti sahəsində pərakəndəlik var. Əksər insanların başqa işlərdən əli üzüldükdə taksi fəaliyyətinə başlayırlar. Halbuki dünya təcrübəsinə görə, bu yanaşma doğru deyil. Taksi xidmətinin özünəməxsus qaydası olmalıdır. 

Onu da  qeyd edim ki, taksi xidməti ilə məşğul olan sürücülərin əksəriyyəti xarici ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərin nümayəndəlikləridir. Bu isə ölkədən yüksək məbləğdə valyutanın xaricə axmasına və ölkə iqtisadiyyatına zərər vurur".

Gülşən Şərif