Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün noyabrın 3-də imtahan təşkil edəcək.

DİM-dən İqtisadiyyat.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün mərkəzə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub. Həmin şəxslər oktyabrın 28-dək (saat 10:00-dək) qeydiyyatdan keçməlidirlər.

İmtahan vermək istəyən sürücülər DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) keçiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytında “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə biləcəklər.

Bir saat davam edəcək imtahanda namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı veriləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.

Xüsusi hazırlığın proqramı ilə link vasitəsilə tanış olmaq mümkündür.