İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Mirkişili bildirib.

O qeyd edib ki, təqdim olunmuş layihəyə konseptual münasibət bildirmək üçün layihəni əsasən 5 aspektdən qiymətləndirmək lazımdır: “Bunlar: növbəti il və sonrakı 3 il üçün proqnozlaşdırılan makro çərçivə, gəlirlərin bu çərçivəyə uyğunluğu, xərclərin dövlət və cəmiyyət qarşısında duran çağırışlarla uzlaşması, kəsirin riski və büdcə qaydasına əməl olunma. Cari ilin sonunda ölkədə ÜDM-in 4.2%, qeyri-neft sektorunun isə 6.4% böyüməsi, orta illik inflyasiyanın 2.7% olması, əhalinin real gəlirlərinin 4.5% artması  fikrimcə yaxşı göstəricidir. Nəzərə alsaq ki, cari ildə qlobal iqtisadi artım təxminən 3% olub, inflyasiya 5.8% olub – o zaman bizim göstəricilərin nisbətən yüksək olması dərhal nəzərə çarpır. Həm də xatırlatmaq yerinə düşər ki, biz bu göstəricilərə bəzi ölkələr kimi süni şəkildə idxalı və ixracı, yenidən ixracı artıraraq, sanksiyalarla alver edərək deyil, təbii şəkildə, heç bir beynəlxalq qanun pozuntuları etmədən nail olmuşuq. Növbəti ildə ÜDM artım tempinin 3.5%, qeyri-neft sektorunun 4.9% proqnozlaşdırılması da fikrimcə məqbuldur. Cari ildə iqtisadi artıma, məcbu tələbin artımına təkan verən sahələrin və amillərin təhlili bu qənatə gəlməyə əsas yaradır”, - deyə deputat əlavə edib.