Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Hacı Zeynalabdin Tağıyevin adını daşıyan, Bakının Mərdakan qəsəbəsində yerləşən 123 saylı tam orta məktəbdə komitənin təşəbbüsü ilə keçirilən “Xeyriyyəçilik ənənəsinin memarı” mövzusunda tədbirdə çıxış edib.

İqtisadiyyat.az xəbər verir ki, tədbir böyük xeyriyyəçinin anadan olmasının 185-ci ildönümü münasibəti ilə təşkil olunub.

Qonaqları salamlayan məktəbin direktoru Sevinc Mustafayeva təhsil ocağının keçmişi, bugünkü uğurları haqqında yığcam bilgi verib: “123 saylı məktəbin gələn il 130 yaşı tamam olacaq. Öz xeyirxah yaradıcısının adını daşıyan məktəb, 1894-cü bağçılıq məktəbi kimi inşa edilib. 1918-ci ildə mənfur erməni daşnakları Azərbaycanın digər bölgələri kimi Mərdəkanda da qətillər törədəndə, Hacı özü Mərdəkan küçələrində faytonla gəzərək yaralıları bu məktəbdə yaradılan hospitala yerləşdirib. İki xilaskar Türk əsgəri də məktəbimizin həyətində dəfn olunub və biz bu gün tədbirdən öncə o qəhrəman şəhidlərin məzarını da minnətdarlıqla ziyarət etdik”.

Əsası böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən qoyulmuş qocaman məktəbi ziyarətindən, burada yüksək səviyyədə təşkil olunmuş tədbirdə çıxış etməkdən şad olduğunu bildirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib ki, tədbirin gedişində təhsildə fərqlənən məktəblilərə kitab bağışı həyata keçiriləcək.

“Heydər Əliyev İli”ndə təşkil olunan silsilə kitab bağışı aksiyasının önəmini vurğulayan komitə sədri kitab bağışı aksiyasının həm də böyük xeyriyyəçinin adının anılması, onun ənənələrinin, irsinin yeniyetmə və gənclərə öyrədilməsi məzmunu daşıdığını qeyd edib: “Ümummilli liderimiz Heydər Əliyev tarixə, mədəni irsə həmişə böyük diqqət-qayğı ilə yanaşıb və bu günkü tədbir də məhz xalqımızın dəyərlərinə və o dəyərləri qorumaqla yeni dəyər, örnək yaratmış böyük şəxsiyyətə ehtiramın ifadəsidir. İlk ayını yaşadığımız yeni təqvim ili ən yeni tariximizə “Heydər Əliyev İli” kimi düşəcək. Bu hər birimizin üzərinə mənəvi məsuliyyət qoyur. Ölkəmizin Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il respublikamızda “Heydər Əliyev İli” elan edilib. Biz çox şadıq ki, Ümummilli liderimizin 100 illik yubileyini Zəfər qazanmış ölkənin qürurlu vətəndaşları olaraq qeyd edirik. Şəxsən bu tədbirin önəmini vurğulayarkən, deməliyəm ki, Heydər Əliyev İlində məhz yeniyetmə və gənclərimizlə görüşlərin keçiril­mə­si, kitab bağışı aksiyasının təşkili çox məntiqəuyğun və təqdirəlayiq işdir. Heydər Əliyev həmişə milli tarixə, mədəni irsə yüksək ehtiram və diqqət-qayğı ilə yanaşıb. Bu anlamda, anadan olmasının 185-ci ildönümü bu gün tamam olan Hacı Zeynalabdin Tağıyevi yad etməyimiz də çox anlamlı işdir və bir vəfa borcunun ifadəsidir. O, xeyriyyəçilik fəaliyyəti ilə adını Azərbaycan ictimai fikir tarixinə qızıl hərflərlə həkk edib. Onun örnək həyatı, səxavəti gənc nəsillərimiz üçün örnək təşkil edir. Hacı Zeynalabdin Tağıyevi, onun timsalında bütün xeyriyyəçilərimizi, maarifpərvərlərimizi rəhmətlə anarkən, yenidən Ümummilli liderimizin mədəni irsə, maarifçiliyə, məktəbə, müəllimə, onların əməyinə verdiyi dəyəri minnətdarlıqla ifadə etmək istərdim. Ümummilli liderimiz deyirdi: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”. “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənc­lərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”. – Bu da Ümummilli liderimizin kəlamıdır. Ayrıca, Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyər­lərimizin qorunaraq gələcək nəsillərə çatdırılmasına çox böyük önəm verən, qayğı ilə yanaşan Ümummilli liderimiz Heydər Əliyev kitaba, kitabxanaya, oxuya da həmişə böyük dəyər verib. Heç təsadüfi deyil ki, kitabı mənəvi zənginliyin, elmlərə yiyələnməyin önəmli açarı hesab edən Ümummilli liderimiz daim gəncləri və çevrəsindəki insanları, məmurları, ümumən cəmiyyətimizi oxuya, kitabla həmsöhbət olmağa çağırmış, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini bildirib.

Prezidentin “Heydər Əliyev İli” ilə bağlı sərəncamında da vurğulandığı kimi, Ümummilli liderimizin zəngin həyat yolu, müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Beləliklə, indiki və gələcək nəsillərin üzərinə düşən mənəvi öhdəlik də, Azərbaycanı Ümummilli liderimiz kimi sevməyi öyrənmək, Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizə onun yolundan gedərək xidmət etməkdir! Nəhayət, çıxışımın sonunda bir daha vurğulamaq istərdim ki, belə gözəl tədbirə, bu anlamlı aksiyanın – orta məktəblərə kitab bağışı kampaniyasının bütün dəstəkçilərinə, əlbəttə, 123 saylı məktəbin rəhbərliyinə, müəllim və şagird kollektivinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə, kitab bağışına dəstək durmuş ictimai qurumlarımıza və xeyriyyəçi işadamlarımıza, aydınlarımıza könül dolusu təşəkkür edirəm. Özəlliklə vurğulamaq istərdim ki, biz bu gün Hacı Zeynalabdin Tağıyevin məzarını ziyarət etdik, məktəbdə gənc nəslin tarixi, mədəni irsə yüksək məhəbbət ruhunda tərbiyə olunmasına xidmət edən abidə və guşələrlə tanış olduq. Milli Məclisin Mədəniyyət komitəsinin oxuya, kitaba xidmət edən aksiyalara həmişə mənəvi dəstək verib, bu, gələcəkdə də belə olacaq. 123 saylı məktəbdə gördüyümüz gözəl, nümunəvi ortam bizi belə aksiyalara bir daha ruhlandırır, yeni aksiyalara sövq edir. Diqqətiniz üçün hər birinizə təşəkkür edirəm”!

Qənirə Paşayevanın və tədbirdə çıxış edən digər natiqlərin – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva, “UNİTY Companiy”in təsisçisi Fikrət Əliyev, “Avto-Azərbaycan” şirkətinin maliyyə departamentinin müdiri Həqiqət Rəhimlinin çıxışında Hacı Zeynalabdin Tağıyevin irsinə Azərbaycan Prezidenti İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın diqqət-qayğısından, Azərbaycan xeyriyyəçilik ənənəsinin yeni keyfiyyət və məzmunda yaşadılmasından söz açılıb.

Məktəbin şagirdləri Duyğu Abdullayeva, Aysel Həsənli, Aylin Əlizadə, Zəhra Mayılova, Fatimə Məmmədzadə, Məryəm Allahverdizadə, Zaur Əlizadə öz maraqlı çıxışları ilə tədbirə rəng qatıblar.

Qeyd edək ki, tədbirdən öncə Hacı Zeynalabdin Tağıyevin büstü, məktəbdə yaradılmış xüsusi xatirə guşəsi, eləcə də, iki naməlum Türk əsgərinin məzarı, məktəbin məzunu olmuş 6 şəhidin xatirə guşəsi və şəhidlərin adını daşıyan sinif otaqları ziyarət olunub. Tədbirin sonunda MM-in Mədəniyyət komitəsi, “NƏFƏS” İB, “UNİTY Companiy” və “Avto-Azərbaycan” adından məktəbdə təhsil alan hər bir qıza və təhsildə fərqlənən oğlanlara kitablar hədiyyə edilib.

WhatsApp%20Image%202023-01-23%20at%2015.08.08%20%281%29.jpeg

WhatsApp%20Image%202023-01-23%20at%2015.08.08.jpeg

WhatsApp%20Image%202023-01-23%20at%2015.08.05%20%281%29.jpeg

WhatsApp%20Image%202023-01-23%20at%2015.08.05.jpeg

WhatsApp%20Image%202023-01-23%20at%2015.08.04%20%284%29.jpeg

WhatsApp%20Image%202023-01-23%20at%2015.08.04%20%283%29.jpeg

WhatsApp%20Image%202023-01-23%20at%2015.08.04%20%281%29.jpeg

WhatsApp%20Image%202023-01-23%20at%2015.08.04.jpeg

WhatsApp%20Image%202023-01-23%20at%2015.08.03%20%283%29.jpeg

WhatsApp%20Image%202023-01-23%20at%2015.08.03%20%282%29.jpeg

WhatsApp%20Image%202023-01-23%20at%2015.08.03%20%281%29.jpeg

WhatsApp%20Image%202023-01-23%20at%2015.08.03.jpeg

WhatsApp%20Image%202023-01-23%20at%2015.08.02%20%281%29.jpeg