May ayında Londonda keçirilən “Gələcək Döyüş Hava və Kosmik İmkanlar Sammiti”ndə süni intellektin dəhşətli siması üzə çıxıb. Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir. Belə ki, ABŞ Hərbi Hava Qüvvələrinin süni intellekt əməliyyatları rəisi polkovnik Taker Hamilton, süni intellektin simulyasiya edilmiş sınaqlarda məqsədinə çatmaq üçün çox gözlənilməz strategiyalardan istifadə etdiyini söyləyib. Onun sözlərinə görə, süni intellektlə işləyən pilotsuz təyyarəyə düşmənin hava hücumundan müdafiə sistemlərini məhv etmək tapşırığı verilib. O (süni intellekt – red.) sınaq zamanı bu əmrə müdaxilə edən hər kəsə hücum edib: “Deməli, sistem təhlükəni aşkar edərkən operator-simulyator süni intellektdən bu təhlükəni məhv etməməsini istəyib. Amma süni intellekt bu təhlükəni məhv edərək xal qazandığını gördüyü zaman qərarından dönməyib. Əksinə onun əməliyyatına müdaxilə etdiyi üçün operator-simulyatoru öldürüb”.
Daha sonra sistemi təkmilləşdirdiklərini bildirən T.Hamilton yenə nəticənin ürəkaçan olmadığını bildirib: “Biz süni intellektə öyrətdik ki, “operatoru öldürmə, bu pisdir, bunu etsən, xal itirəcəksən”. Amma o yenə də “qərar”ından dönmədi və növbəti sınaqda operatorun istifadə etdiyi rabitə qülləsini sıradan çıxardı”.
Bu sınaqlarda simulyatorlardan başqa heç bir real insan zərər görməyib. Eksperimental qırıcı sınaq pilotu T.Hamilton bir daha hər kəsə süni intellektə çox da güvənməməyi tövsiyə edib: “ABŞ ordusu süni intellekti mənimsəyib. Bu yaxınlarda bir ədəd F-16 təyyarəsində məhz süni intellektin xidmətindən istifadə edilib. Əslində süni intellektə sahib olmaq o qədər də xoş bir şey deyil. Bu sizə heç də boş bir həvəs kimi gəlməsin. Bu cəmiyyətimizi və ordumuzu həmişəlik dəyişdirən çox ciddi bir sistemdir”.