Oktyabrın 19-da Sumqayıt Dövlət Universitetini müxtəlif illərdə bitirmiş məzunların iştirakı ilə Məzun Assosiasiyasının təsis yığıncağı keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, tədbir açılışında Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad edildi və ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra universitetin rektoru, dosent Rüfət Əzizov çıxış edərək, Məzun Assosiasiyasının təsis olunması barədə məzunların təşəbbüsünü təqdir edərək bu münasibətilə məzunları təbrik edib. O, universitetdə həyata keçirilən layihələr, məzmun və keyfiyyət göstəriciləri baxımından həyata keçirilən işlər, həmçinin qarşıda duran hədəflər barədə məlumat verib.

Daha sonra isə Məzun Assosiasiyasının yaradılmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, məzunların bir araya gələrək şəbəkələşməsi, peşəkar bağlantılarının qurulması, sektor məlumatlarının və təcrübələrinin paylaşılması baxımından Məzunlar Assosiasiyası dəstək rolunu oynaya bilər. Rektor çıxışının sonunda onu da vurğulayıb ki, SDU-nun məzunları Azərbaycanın ictimai-siyasi həyatında öz töhfələrini verirlər.

Sonra çıxış üçün söz SDU-nun fəxri məzunu, prezident təltifçisi, kiçik dövlət müşaviri, Xızı rayonu üzrə Maliyyə idarəsinin rəisi və Milli Məclisin eksperti İndira Şəmsivari və Sumqayıt şəhər Maliyyə İdarəsinin rəisi, Dövlət qulluğunun kiçik müşaviri Xalid Əsədova verilib. Məzunlar çıxışlarında doğma universitetlərində Məzun Assosiasiyasının yaradılması təşəbbüsünü yüksək qiymətləndirdiklərini qeyd edərək Assosiasiyanın fəaliyyətinə töhfə verməyə hazır olduqlarını bildiriblər.

Tədbirdə Məzun Assosiasiyasının yaradılması, məqsədləri və fəaliyyəti barədə Karyera və Məzunlarla İş mərkəzinin direktoru Nəsibə Əmirbəyova təqdimatla çıxış edib. O, məzunlarla bağlı Mərkəzin 1 il ərzində həyata keçirdiyi fəaliyyətlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Çıxışlardan sonra Sumqayıt Dövlət Universitetinin tanıtım videoçarxı nümayiş olunub. Assosiasiyanın İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının üzvlərinin seçilməsi, Məzunlar Assosiasiyasının Əsasnaməsinin təsdiqlənməsinin açıqlanması, Məzunlar Assosiasiyasının universitet rəhbərliyinə müraciəti barədə Karyera və Məzunlarla İş mərkəzinin mütəxəssisi Ülkər Vəlizadə məlumat verib.

Daha sonra Məzunlar Assosiasiyasının İdarə heyətinin və Nəzarət Təftiş Komissiyasının üzvlərinin gizli səsvermə yolu ilə seçilməsinə başlanıldı. Tədbir bədii hissə ilə davam edib Məzunlar Assosiasiyasının İdarə heyətinin və Nəzarət Təftiş Komissiyasının üzvlərinin seçilməsi üçün keçirilən səsvermənin nəticələri barədə Hesablama Komissiyasının sədri Muxtar Səmədov çıxış edərək nəticələri elan edib. O, üzvlüyə seçilmiş məzunları təbrik edərək fəaliyyətlərində uğurlar arzu edib. Tədbirin sonunda məzunlar çay fasiləsində bir araya gələrək müzakirələr aparıblar.