“SpaceX” kosmik uçuşlar üçün rezervasiyalara başlayıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq funksiya təşkilatın saytında yerləşdirilib.

Qeyd olunub ki, potensial turistlər üçün dörd istiqamət mövcuddur: Yer orbiti, Beynəlxalq Kosmik Stansiya (BKS), Mars və Ay.

Vebsaytda deyilir: “Əjdaha və Ulduz gəmilərindəki bütün missiyalar Yer kürəsində həyatı yaxşılaşdırmaq, həmçinin qlobal auditoriya arasında məlumatlılığı artırmaq üçün elmi araşdırmalar aparmaq imkanına malikdir”.

Bildirilib ki, hazırda yalnız iki istiqamət üzrə uçuş tarixləri məlumdur. Yer orbitinə 2024-cü ilin sonunda, BKS-yə isə 2025-ci ildə səyahətə çıxa bilərsiniz. Qeyd olunur ki, səyahətçilər skafandr, sensor əlcəklər və 3D printerdə çap olunmuş dəbilqə ilə təmin olunacaqlar.

Qeyd edək ki, bundan əvvəl “SpaceX”ın qurucusu İlon Mask deyib ki, onun şirkəti beş il ərzində insanları Aya çatdıra biləcək. Marsa insanların göndərilməsinin vaxtı barədə danışarkən, bunun 7-9 il ərzində tam mümkün olacağını bildirib.