“Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xətti məhz vətəndaşlarımızın rifah halının daha da yüksəldilməsidir”.
İqtisadiyyat.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bu gün keçirilən iclasında deyib.
O, Azərbaycanda icrasına start verilən yeni sosial paketdən danışıb: “Cənab Prezident tərəfindən imzalanan sənədlər ölkəmizdə əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edir. 3 milyon vətəndaşımızı əhatə edəcək yeni sosial paket 1 milyon 100 min vətəndaşımızın pensiyalarında, minimum əmək haqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında və eləcə də sosial müavinət və təqaüdlərdə artımları reallaşdıracaq”.
“Çox təəssüf ki, bir sıra marjinal siyasi qruplar hətta sosial islahatlara belə kölgə salmağa çalışırlar. Bir sıra vacib göstəricilərə diqqət ayıraq: yeni artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və dinamika bu il də davam edəcək. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,5 milyard manat ayrılacaq. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 8.5 milyard manat əlavə vəsait ayrılır”, - deputat əlavə edib.
V.Bayramov bildirib ki, fevral ayından etibarən minimum pensiya məbləği 14.3 faiz artırılaraq 320 manata çatdırılıb: “Bu orta və median pensiya məbləğlərində artımlara xüsusi töhvə verəcəkdir. Sosial paket yalnız maaş və pensiya deyil, eləcə də sosial müavinət və təqaüdlərdə də artımı özündə ehtiva edəcək. Növbəti mərhələdə sosial müavinət və artımlar ilə bağlı da qərarlar veriləcək. Cənab Prezident tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir. Təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan sonra bu istiqamətdə artımlar reallaşacaq”.
Elçin Mehdiyev