İqtisadiyyat.az-ın araşdırmasına görə, 2020-2024-cü illər ərzində Bakı küçələrinin işıqlandırılmasına 14 milyon manatdan çox vəsait xərclənib.

Belə ki, küçələrin işıqlandırılması üçün lazımı mal-materialların alınmasına:

- 2020-ci ildə 2 993 557,93 manat,
- 2021-ci ildə 2 998 894,04 manat,
- 2022-ci ildə 2 750 030,12 manat,
- 2023-cü ildə 3 097 939,55 manat,
- 2024-cü ildə isə 2 476 318,42 manat vəsait sərf olunub.

Məlumdur ki, paytaxt küçələrinin işıqlandırılmasının icraçısı Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsidir. “Bakı Şəhər İşığı” son beş ildə küçələrin işıqlandırılması üçün lazım olan materialların böyük əksəriyyətini “İnterkabel” Firmasından alıb və ümumilikdə bu illər ərzində bu şirkətə 11 milyon manatdan çox ödəniş edib. Müəssisə bu illər ərzində təkcə bir satınalma müqaviləsini isə “Reliable Oil Services” MMC ilə bağlayıb və bu müqavilənin də dəyəri 3 milyon manatdan çox təşkil edib.

“Bakı Şəhər İşığı” bu ilin fevralın 20-də paytaxt küçələrinin işıqlandırılması üçün materialların satınalınması ilə bağlı daha bir tender elan edib, bu müsabiqəyə aprelin 1-də yekun vurulacaq. Qurum bu dəfə materialların satınalınmasına 3 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.