"Yeni tikililərdə çoxmənzilli binalara üstünlük verilməsi qiymətləri stabilləşdirə bilər".

Bu sözləri Bakıda 3 mindən çox binanın sökülməsi ilə bağlı xüsusi dövlət proqramının hazırlanmasına və prosesə yaxın vaxtlarda  start verilməsini şərh edən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakıda 3 min bina birdən-birə sökülməyəcək:

 

 

"Öncəliklə qərarla bağlı sahibkarlara təkliflər veriləcək və daha sonra mərhələli şəkildə prosesə start veriləcək. İstismar müddətini başa vurmuş çoxmənzilli binalar sökülərək yerinə yeni tikililər inşa olunacaq. Bura bir, iki, üç və bəzi beşmərtəbəli binalar, tələbə yataqxanaları, 1960-ci ildə inşa olunmuş "xruşşovka"lar daxildir. Hələlik doqquz mərtəbəli binalardan söhbət getmir. Çünki bu binalar istismar müddətini hələ başa vurmayıb. Bu binaların istismar müddəti 70-80 il müəyyən olunub. 

Şəhərsalma və Arxitektura Komitəsinin son qaydalarına əsasən, 50 sot torpaq sahəsində yalnız 1 bloklu, 12 mərtəbəli binalar inşa oluna bilər. Tikinti zamanı  mənzil-tikinti kooperativləri vətəndaşların rahatlığı, qarajların olması, birinci mərtəbələrdə uşaq bağçalarının yerləşdirilməsi və s. tələbləri nəzərə almalıdır". 

Köhnə tikililərin sökülməsinin evlərin qiymətinə mümkün təsirlərini də şərh edən ekspertə görə, söküntü işləri əmlak bazarındakı qiymətlərə təsirsiz ötüşməyəcək:

"Köhnə tikilələrin sökülməsi ucuz mənzillərin sıradan çıxmasına yol açacaq. Son dövrlər kiçik kvadrata malik olan "xruşşovka" mənzillərin qiymətində artım müşahidə olunurdu. Bəzən 1 kavdartmetr yer fantastik dərəcədə 3 min manata satılırdı. Hansı ki, yeni tikililərdə 1500 manatdan başlayır". 

 

Gülşən Şərif