“SOCAR-Petrofac” statistik məlumatların verilməsi qaydasını pozub.

İqtisadiyyat.az xəbər verir ki, buna görə də Dövlət Statistika Komitəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və iş hakim Gültəkin Əsədovanın icraatına verilib.

Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “SOCAR-Petrofac” birgə müəssisəsi 2017-ci il dekabrın 5-də SOCAR və “Petrofac” şirkətləri tərəfindən ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədi ilə yaradılıb. Müqaviləyə əsasən, birgə müəssisədə SOCAR-ın səhm payı 51 faiz, “Petrofac” şirkətinin payı 49 faiz müəyyən edilib. “Petrofac” enerji sənayesinə xidmət göstərən beynəlxalq provayderdir. Onun şaxələnmiş müştəri portfelinə dünyanın aparıcı neft və qaz şirkətləri daxildir. “Petrofac” neft, qaz, emal, neft-kimya, bərpa olunan enerji infrastrukturunun layihələndirilməsi və tikintisini, fəaliyyətini, istismar və idarə olunmasını həyata keçirir.