“Heydər Əliyev İli” çərçivəsində 23 dekabr 2023-cü il tarixində ADA Universitetində “Heydər Əliyevin uğurlu xarici siyasəti və Azərbaycanın yeni neft strategiyası” mövzusunda konfrans keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Prezidentin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, həmçinin mühazirələrin keçirildiyi ali təhsil müəssisələrinin rektorları, tələbələri və SOCAR könüllüləri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndər Heydər Əliyev və gənclərə həsr olunmuş, həmçinin “Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın təşkilatçılığı ilə ali təhsil müəssisələrində keçirilən mühazirə və turları əks etdirən videoçarxlar nümayiş etdirilib.

Konfransın moderatoru, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “Heydər Əliyev İli” çərçivəsində universitet tərəfindən təşkil olunan beynəlxalq konfrans, forum və seminarlar barədə məlumat verib.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Prezidentin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müasir Azərbaycan dövlətçiliyinin təməlinin qoyulmasının və möhkəmləndirilməsinin bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib, Ümummilli Liderin xalqın dəvəti ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin dinamik inkişafının əsas istiqamətlərinin müəyyənləşdirildiyini diqqətə çatdırıb. Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müasir müstəqil Azərbaycan dövlətinin Ulu Öndərin siyasi kursu əsasında hərtərəfli inkişaf edərək qüdrətli və qalib ölkəyə çevrildiyini vurğulayıb. Prezidentin köməkçisi xalqımızın milli maraqlarına, beynəlxalq hüquq normalarına, praqmatik və realist prinsiplərə əsaslan xarici siyasət xəttinin ölkəmizin əməkdaşlıq əlaqələrinin qurulmasını, regionun lider dövlətinə çevrilməsini təmin etdiyini diqqətə çatdırıb.