Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı bütün açıq istehsalat sahələrində, xüsusən də dəniz özüllərində aparılan işlər məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, SOCAR-ın dənizdə çalışan 82 əməkdaşı təxliyə olunub:

“Hava şəraiti normallaşandan sonra normal əmək fəaliyyətinə qayıdacaqlar”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti qarla müşayiət olunan güclü külək nəticəsində yanvarın 14-ü səhər çovğun olacağı ehtimalı ilə bağlı xəbərdarlıq edib. Yanvarın 14-ü günün ikinci yarısında küləyin 15-18 m/s olacağı, 14-ü axşamdan 15-i gündüzədək isə cənub-qərb küləyinə keçəcəyi, 15-20 m/s, arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın minimal temperaturunun yanvarın 14-dən 15-nə keçən gecə 0 dərəcəyə yaxın, nisbətən yüksək ərazilərdə 2 dərəcəyədək şaxta olacağı, yolların buz bağlayacağı gözlənilir.