İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər ekologiya ilə bağlı bir sıra cərimələri dəfələrlə artırır. Burada diqqət çəkən məqamlardan biri də siqaret kötüklərinin yerə atılması ilə bağlıdır. Belə ki, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılıb. Eyni zamanda, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur. Lakin əfsuslar olsun ki, vətəndaşlar hələ də qanunun tələblərini yerinə yetirmirlər, ətrafa yenə də siqaret kötükləri atırlar.

Məsələyə münasibət bildirən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov İqtisadiyyat.az-a deyib ki, qüvvədə olan qanunvericiliyə görə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə nəzərdə tutulur.

Bu cərimə məbləğinin kifayət qədər az olduğunu söyləyən Komitə sədri vurğulayıb ki, digər ölkələrdə qanunvericilik bununla bağlı kifayət qədər sərt cəzalar müəyyənləşdirib.

S.Qurbanov bildirib ki, Avropa ölkələrində heç kəs adıçəkilən hərəkətləri etmir və orada, ümumiyyətlə, bu cür hallara dözümlülük yoxdur: “Almaniyada buna görə çox ciddi cəzalar mövcuddur. Yaponiyada isə tullantı probleminə görə hətta cinayət işi də açıla bilər. Məsələn, Almaniyada siqaret kötüyünün ictimai yerə atılmasına görə Kölndə 150 avroya qədər cərimə, Berlində 120 avroya qədər cərimə, Essendə 100 avroya qədər cərimə müəyyən edilib. Latviyada yolların və onların komponentlərinin tullantılarla çirkləndirilməsi faktları ilə bağlı fiziki şəxslər üçün 70 – 350 avro, hüquqi şəxslər üçün isə 700 – 2900 avro cərimə nəzərdə tutulur. İsveçdə ictimaiyyətə açıq olan yerlərdə tullantı atılmasına görə cərimə və 1 ilə qədər həbs nəzərdə tutulub. Bu səbəbdən milli qanunvericilikdə də sanksiyaların sərtləşdirilməsi labüd idi”.

Komitə sədri hesab edir ki, həmçinin ağırlaşdırıcı halların əlavə edilməsi insanları daha da məsuliyyətləndirəcək, ətraf mühitin qorunmasında, təmizliyin bərpasında mühüm rol oynayacaq:

“Bu cərimələrin müəyyənləşməsində əsas hədəf və məqsəd insanları bu cür əməllərdən çəkindirməkdir. Yəni, insanlar çalışmalıdırlar ki, bu cür əməllərdən uzaq olsunlar. Təcrübə onu göstərir ki, cərimələr aşağı olanda insanlar daha rahat şəkildə davranırlar. Bu cərimələrin artırılmasında məqsəd həmin o inzibati pozulmaların qarşısının alınması, yəni ətraf mühitə atılan tullantıların miqdarının azaldılması olmuşdur. Eyni zamanda aidiyyəti qurumların da üzərinə vəzifələr düşür. Onlar da yeni təklifə əsasən məişət tullantılarını vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə məsuliyyət daşımış olacaqlar. Bununla yanaşı, ekoloji mədəniyyət də yüksəlidilməli və ictimai qınaq artırılmalıdır”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər üçüncü oxunuşda Milli Məclis tərəfindən qəbul edilib.