Şimali Koreyanın cümə axşamı atdığı ballistik raketin qitələrarası raket olduğu güman edilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

"Şimali Koreyanın buraxdığı raket dik trayektoriya ilə buraxılmış qitələrarası ballistik raket kimi görünür", - komitənin bəyanatında deyilir.

Cənubi Koreya ordusu həmçinin bildirib ki, buraxılış yerli vaxtla saat 07:10-da Pxenyan ərazisindən Yapon dənizinə doğru həyata keçirilib.

Yaponiya Sahil Mühafizəsi raketin Okuşiri adasından təxminən 300 kilometr qərbdə, Yaponiyanın müstəsna iqtisadi zonasından kənar əraziyə düşdüyünü bildirib.

Yaponiya Nazirlər Kabineti KXDR-in raket buraxılışı ilə bağlı Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək. Bunu ölkənin baş naziri Şiqeru İşiba deyib.