Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinə 2005-ci  ildə qoşulsa da bu yola nəfəs verən iştirakçılardan olub. Elə bunun nəticəsidir ki, Şimal-Cənub dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolunun yaradılmasına dair sazişin imzalanması mərasimində ölkənin ünvanına xoş sözlər deyildi. Məsələn, Rusiya prezidenti V Putin deyib ki, “imzalanmış sənəddən sonra Rusiya, İran və Azərbaycanla dəmir yollarının və yük daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair sazişin hazırlanmasının tezliklə başa çatacağına ümid edir. Bu gün haqqında danışdığımız bu dəhlizin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir”.


Bu fikirlər cənubla şimalı birləşdirən Azərbaycanın nüfuzundan xəbər verir və ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir. Yeni razılaşmaya əsasən 170 km uzunluğunda dəmiryol xəttinin Astaraya qədər olan hissəsini İran və Rusiya, İran Astarasından Azərbaycan Astarasına qədər olan hissəsini isə 3 ölkə birlikdə inşa edəcək. 


Əslində, bu dəhlizin bazasında, təməlində Azərbaycanın illər əvvəl həyata keçirdiyi işlər durur.  Məsələn, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissəsinin əsas hissəsi olan Rəşt-Astara dəmiryol xətti ilə bağlı işlərə baxdıqda görürük ki, 2018-ci ildə İran həmin hissənin tikintisi üçün Azərbaycandan 500 milyon dollar güzəştli kredit alıb, əvəzində tikintinin Azərbaycan şirkətləri tərəfindən reallaşdırılması razılaşdırılıb. Dəhlizdə xüsusi yeri olan Astara terminalı da 2017 –ci ildə Azərbaycan höküməti tərəfindən tikilib. İranın Astara şəhərində 35 hektar ərazidə, Azərbaycan-İran sərhədindən 1,4 km aralıqda yerləşən Astara terminalından təkcə 2021-ci ildə aşırılan yüklərin ümumi həcmi 350 686 ton və ya 8112 vaqon təşkil edib. Azərbaycan Astarasından  İran Astarasına gedən dəmir yolunun üzərindəki Astaraçaydakı körpüyə qədər 8,3 km yeni yol tikilib. Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub. Həm də Astaraçay üzərində dəmiryol körpüsündən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 km yol çəkilib. Beləliklə də, əsası Azərbaycan tərəfindən qoyulan bu dəhlizlə bağlı rəsmi Tehran Rusiya ilə yeni işlər üçün razılığa gəlib. Razılığa əsasən Rusiya tikinti işlərinin maliyyələşdirməsini həyata keçirəcək.


Gələcəyə baxdıqda , 2030-cu ilə qədər bu dəmir yolu istiqamətində yük dövriyyəsinin ildə 15 milyon tonadək artımı gözlənilir. Bu son göstərici olmayacaq. Nəqliyyat dəhlizinin imkanları genişlənəcək. Bu rəqəm ildə 30 və ya 60 milyon ton yük ola bilər. Çünki əmtəə dövriyyəsi yalnız artacaq.

 


Milli Məclisin deputatı V. Bayramoun fikri belədir: “Nəzərə alsaq ki, Azərbaycanın nəqliyyat infrastrukturu inkişaf edir. İnfrastrukturun inkişaf etməsi çərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinə inteqrasiyası Azərbaycan üzərindən daşınan yüklərin həcminə təsir göstərməkdədir. Bu da beynəlxalq yükdaşımalardan əldə etdiyi valyutanın həcmini artırır”.


Artımın nəticəsidir ki, pandemiyadan əvvəl Azərbaycan üzərindən daşınan qeyr-neft məhsullarının həcmində 65 faiz artım olub. Pandemiya artım tempinə təsir göstərsə də, artıq post pandemiya dövründə həcm artmaqda davam edir.  Məsələn, Azərbaycana daxil olan yükün 85 faizi tranzit olaraq digər ölkəyə göndərilir. Bu da ona əsas yaradır ki, Azərbaycanın beynəlxalq yükdaşımalarda böyük təcrübəsi var. Şimal- Cənub nəqliyyat dəhlizi də bu təcrübədən qazanacaq. 


Xatırladaq ki, Şimal-Cənub dəhlizi 7200 km uzunluqda multimodal marşrutdur. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşmanın bir hissəsidir. Azərbaycan "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında" sazişə 2005-ci ildə qoşulub. Bu dəhliz Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin daha da genişləndirilməsinə şərait yaradacaq. Dəhlizin Qərb marşrutu ilə Cənubi-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Eyni zamanda daşıma müddəti 20 gün azalacaq.